Türkiyə təmsilçisi Ahmet Önder idman gimnastikası üzrə yarışlarda Dünya kuboku yarışlarının 2 medalına layiq görülüb.
Ahmet Önder mükafatlandırma mərasimindən sonra "olimpnews.az" saytına müsahibə verib.
-Düzünü desəm, təsnifat mərhələsindəki çıxışlarımdan o qədər də, razı qalmadım. Daha yüksək nəticə göstərə bilərdim. Çıxışlarımda səhvlərə yol verdim ki, buna görə də hakimlərdən aşağı bal aldım. Bununla belə 4 alət üzrə finala yüksələ bildim. Sərbəst hərəkətlərin finalında az fərqlə mükafatçılar sırasından kənarda qaldım. Lakin turnik hərəkətlərində gümüş medal qazandım. Dayaqla tullanma yarışlarında isə bürünc medala sahib çıxdım. Yarışların təşkilatçılıq səviyyəsi çox xoşuma gəldi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. İkinci dəfədir ki, Bakıda oluram. Bundan əvvəl, birinci Avropa Oyunlarında iştirak etmişəm. Bakı-2015 Avropa Oyunlarından sonra Milli Gimnastika Arenasında mükafatçılar sırasına düşmək qürurvericidir.
Arenada bizə çox gözəl dəstək olurdular. Hər çıxışımızda bizi alqışlayan, dəstək olan azərbaycanlı azarkeşlərə minnətdarlığımı bildirirəm. Bundan əvvəlki səfərimdə fürsətdən istifadə edib Bakını gəzdim. Çalışacağam ki, yenə də vaxt tapıb şəhərin görməli yerlərini gəzim.