Oleq Stepko Dünya Kubokunun 3 medalını qazandı

Oleq Stepko Dünya Kubokunun 3 medalını qazandı



Fevralın 21-də Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya "Challenge" Kuboku yarışları başa çatdı.

Dünya Kubokuna Bakı-2015 Avropa Oyunlarında gimnastikanın altı növü üzrə yarışların təşkil edildiyi Milli Gimnastika Arenası ev sahibliyi etdi.

Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə apardı. Qeyd edək ki, yarışlarda 3 qat dünya çempionu yaponiyalı Kenzo Şirai, Olimpiya, dünya və Avropa çempionu, özbəkistanlı atlet Oksana Çusovitina kimi məşhur gimnastlar yarışırdılar.

Azərbaycan gimnastları Dünya Kubokunu 4 medalla başa vurdular. Medalları ölkəmizə Oleq Stepko (1 qızıl, 1 gümüş və 1 bürünc) və Marina Nekrasova (1 bürünc) qazandırdı. Kişi gimnastımız parallel qollarda qızıl, dayaqla tullanmada gümüş və halqalarda hərəkətlərdə bürünc medalı özünə təmin etdi. Qadın gimnastımız isə sərbəst hərəkətlərdə fərqləndi.