Xətai rayon Gənclər və İdman İdarəsinin idman xronikası

Xətai rayon Gənclər və İdman İdarəsinin idman xronikası

Voleybol
Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan oğlanlar arasında voleybol üzrə yarış keçirilib. Olimpnews.az saytının məlumatına görə, 138 və 204 nömrəli tam orta məktəblərin idman zalında təşkil olunan yarışda rayonun 16 məktəb komandasından 192 nəfər məktəbli iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışda 138 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Humanitar Fənlər Təmayüllü Liseyin komandası ikinci, 269 nömrəli tam orta məktəbin komanda isə üçüncü yerə layiq görülüb. Mükafatalayiq yerlər tutan komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, rayon mərhələsinin qalibi aprel ayında Bakı şəhər məktəblilərinin XXVIII Spartakiadasına vəsiqə qazanıb.

Futbol
Heydər Əliyev adına liseyin və 264 nömrəli tam orta məktəbin bazasında Xətai rayon məktəbliləri arasında "Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib. Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonun 27 məktəbinin komandaları iştirak edir. İki qrupda keçirilən turnirin qalibi Bakı şəhər mərhələsinə vəsiqə qazanacaq.