Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb

Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb



Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmana əsasən Gənclər və İdman Nazirliyində (GİN) Apellyasiya Şurası yaradılıb.

Şura həmin Fərmanın icrasının təmin olunması məqsədilə gənclər və idman nazirinin fevralın 15-də imzaladığı sərəncama əsasən formalaşdırılıb. Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumların məsul şəxsləri daxildir. GİN-in Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.