Martın 5-6-da Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları keçiriləcək.
Yarışlar Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur.
Kubokda Avropa ölkələri ilə yanaşı, Asiya, Okeaniya, Avstraliya, eləcə də Atlantik okeanın sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.
Ümumilikdə yarışlarda 18 ölkədən 78 (46 kişi, 32 qadın) gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaqlar. Bunlardan 46-sı kişi, 32-si isə qadındır.
Batut gimnastikası üzrə yarışda ölkəmizi Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin qadınlar arasında ilk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edəcəklər.
Kubokun ilk günündə təsnifat, ikinci günündə isə final yarışları təşkil ediləcək.
Yarış vaxtı idmançılara azarkeşlik edəcək tamaşaçılar arasında viktorinalar təşkil ediləcək və onlara hədiyyələr veriləcək.