Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Bu gün Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzində (DGK İSM) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə DGK İSM-in sədri Xəzər İsayev, sədr müavini Səlhət Abbasova, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Niyaməddin Paşayev, Enerji Gömrük İdarəsinin inspektoru Rəşad Əhmədov, Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru Seymur Hüseynov, idman ictimaiyyətinin digər nümayəndələri və mərkəzin təmsilçiləri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.
DGK İSM-in sədri Xəzər İsayev çıxış edərək Xocalı faciəsi ilə bağlı məlumat verib. O qeyd edib ki, Azərbaycanın şanlı tarixində qanlı hərflərlə yazılan Xocalı soyqırımı yaddaşlarda silinməz izlər buraxıb. "Qədirbilən xalqımız soyqırımı qurbanlarının xatirəsini əziz tutur, onları hörmətlə yad edir. Hər il faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır”. Xəzər müəllim bildirib ki, Azərbaycanla yanaşı, qardaş Türkiyədə və bir çox ölkələrdə bu faciə "Xocalı qətliamı” kimi xarakterizə olunur. Azərbaycan xalqına qarşı erməni cəlladları tərəfindən törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması baxımından Xocalı faciəsi ilə bağlı müvafiq sənədlər qəbul edildiyi diqqətə çatdırılıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasəti nəticəsində xalqımızın ədalətli mövqeyinə dəstək verəcək ölkələrin sayının daha da artacağına əminliyini ifadə edib. Xəzər İsayev qeyd etdi ki, müasir gənclərimizə Xocalı soyqırımının dəhşətləri barədə məlumatlar verilməli, bu sahədə geniş təbliğat aparılmalıdır ki, gənclərimiz bu faciənin dəhşətlərini yaddan çıxarmasınlar. Tədbirdə ermənlərin Xocalıda törətdiyi qətliamdan danışılıb. Bildirilib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlıları Rusiyanın 360-cı motoatıcı alayının döyüşçülərinin köməyilə Xocalını işğal edib, etnik soyqırım aktını həyata keçiriblər. Bu faciənin dünya tarixinin ən dəhşətli qırğınlarından biri olduğu, minlərlə günahsız insanın qanının axıdıldığı vurğulanıb. Soyqırımı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərdən birindən məhrum olub. 487 dinc sakin ağır yaralanıb. Erməni quldurları tərəfindən 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi indiyək məlum deyil.