İdman və bədən tərbiyəsi ilə məşğul olanlar sağlam və gümrah olur, zərərli vərdişlərə meyl salmırlar

İdman və bədən tərbiyəsi ilə məşğul olanlar sağlam və gümrah olur, zərərli vərdişlərə meyl salmırlar



İnsanların fiziki inkişaf səviyyəsini qiymətləndirmək vasitəsi kimi meydana çıxan idman ümumbəşəri mədəniyyətin tərkib hissəsidir. Qədim yunanlar idmanı çox sevirdilər. Yunanlar yaxşı başa düşürdülər ki, bədən tərbiyəsi onlara yaxşı döyüşmək, mədəni ünsiyyət qurmaq bacarığı aşılayır.
Yunanlar idmanı bir də ona görə sevirdilər ki, idman insanı mənən ucaldır, xeyirxah edir. Deməli, idman əqli, estetik və mənəvi tərbiyə ilə sıx əlaqədədir. Bir sözlə, dünya təcrübəsi, tarix əsrlər boyu sübut etmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü və gələcəyidir.




8 saylı İOEUGİM nümunəvi idman məktəblərindəndir

Uşaq və gənclərin idmana cəlb edilməsində, onların fiziki, həm də mənəvi cəhətdən inkişafında təhsil müəssisələrinin, idman məktəblərinin böyük rolu vardır. Haqqında danışacağımız 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) belə idman ocaqlarındandır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən bu idman müəssisəsi 1969-cu ildən təsis olunub. Burada uşaq və gənclər idmanın 3 (qılıncoynatma, boks və velosiped) növü üzrə məşğul olurlar. Məktəbin idman zalları Xətai rayonu 29 saylı orta məktəbin ərazisində yerləşir.

Adıçəkilən idman müəssisəsi fəaliyyətə başladığı ilk günlərdən etibarən öz işini bədən tərbiyəsi və idmanın təbliği istiqamətində qurub. Uşaq və gənclərin zərərli vərdişlərdən uşaqlaşaraq sağlam həyat tərzinə uyğunlaşması, onların fiziki və mənəvi cəhətdən kamilləşməsi istiqamətində öz işini günün tələbləri səviyyəsində quran 8 saylı İOEUGİM respublikada fəaliyyət göstərən nümunəvi idman məktəblərindən biridir.

Məktəbdə 3 idman növü üzrə 418 şagird 26 məşqçi-müəllimin rəhbərliyi altında idmanla məşğul olur. Məşqçi-müəllimlərdən 12-si qılıncoynatma bölməsində çalışır. Bölməyə baş məşqçi Elxan Əhmədov rəhbərlik edir. Vüqar Ağalarovun rəhbərliyi altında çalışan 7 nəfər məşqçi-müəllim isə uşaq və gənclərə boks idman növünün sirlərini öyrədir. Velosiped idmanı bölməsində baş məşqçi Mixail Jutkinin rəhbərliyi altında uşaq və yeniyetmələr 7 nəfər məşqçi-müəllimdən dərs alırlar.

8 saylı İOEUGİM-ə gənc mütəxəssis Elvin Məmmədxanov rəhbərlik edir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) məzunu olan Elvin Məmmədxanov öz işini dərindən bilən kadrlardan biridir.

Bu sahəyə uşaqlıqdan həvəs göstərib

Elvin müəllim bizimlə söhbətinə uşaqlıqdan idmana böyük həvəs göstərməsindən, idman fəaliyyətindən və ölkəmizdə gənclərə qayğı ilə yanaşıldığından söz açdı. "İdmana uşaqlıqdan bağlıyam. Təhsil aldığım 77 saylı orta məktəbdə sinif yoldaşlarım bədən tərbiyə dərsinə laqeyd münasibət göstərdiyi halda mənim bu fənnə böyük marağım var idi. Bir müddət sərbəst güləşlə də məşğul olmuşam. Gənc mütəxəssis kimi idman fəaliyyətinə 14 saylı UGİM-də baş təlimatçı kimi başlamışam. Sonralar həmin məktəbin direktor müavini vəzifəsində çalışmışam. Bura gəlməmişdən əvvəl "Təhsil” Respublikası İdman Mərkəzinin direktor müavini işləyirdim.

Müstəqil Azərbaycan gənc dövlət olmaqla yanaşı, həm də gənclər ölkəsidir. Ölkədə istər elm və təhsil, istər idman, istərsə mədəniyyət, incəsənət və digər sahələrdə nə qədər bacarıqlı gənclər kifayət qədərdir. Onların üzə çıxarılması, həvəsləndirilməsi, vətənpərvər, sağlam ruhda böyüdülməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev gənclərə və onların problemlərinə böyük diqqət ayırır. Çünki hər bir sahədə savadlı, bacarıqlı insanlara, xüsusən də gənc kadrlara hər zaman ehtiyac duyulur. Ən vacibi odur ki, dövlət istər maddi, istər mənəvi baxımdan gənclərlə bağlı layihələrinə dəstək verir. Bunun əyani sübutu olaraq I Avropa Oyunlarında fərqlənən gəncləri nümunə göstərmək kifayətdir. İndi həmin gənclərin əksəriyyəti müxtəlif idarə və orqanlarda çalışır, ölkəmizin müstəqilliyi, gələcəyi naminə bütün qüvvə və bacarıqlarını sərf edirlər”.

Həyata keçirilən tədbirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır

Ölkəmizdə idman və Olimpiya Hərəkatının möhkəm bazasının yaradılması gənc nəslin sağlam həyat tərzinin təmin edilməsində, öz sağlamlıqlarının qeydinə qalmasında əsaslı rol oynayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda idmanla məşğul olmaq istəyənlərin sayı gündən-günə artır.

Dövlətimiz tərəfindən uşaq və gənclərə belə diqqət və qayğı göstərildiyi, güclü idman infrastrukturunun mövcud olduğu bir ölkədə idmandan kənarda qalmaq qeyri-mümkündür. Təbii ki, idman və bədən tərbiyəsi ilə məşğul olanlar sağlam və gümrah olur, zərərli vərdişlərə meyl salmırlar. Beynəlxalq arenalarda əldə etdikləri möhtəşəm qələbələrdən sonra dövlət başçısının idmançılarımızı şəxsən qəbul etməsi də idmana və gənclərə olan qayğının bariz göstəricisidir.

Respublikamızın paytaxt və regionlarında xeyli sayda idman məktəbləri fəaliyyət göstərir. Bu tədris müəssisələrində uşaq və gənclərin seçdikləri idman növü üzrə məşğul olmaları üçün hərtərəfli şəraitin yaradılması, eləcə də bu müəssisələrin avadanlıqlarla təmin olması mühüm şərtlərdəndir. Bu baxımdan 8 saylı İOEUGİM-də vəziyyət qənaətbəxşdir. Qeyd edək ki, məktəbin balansında iki böyük idman zalı vardır. Zallar dörd il bundan əvvəl əsaslı şəkildə təmir olunub. Elvin müəllim bildirdi ki, məktəbin təmir işləri və təchizatı ilə bağlı hər hansı bir problem yarananda Təhsil Nazirliyinin tikinti və təmir şöbəsi bu problemi dərhal aradan qaldırır. "Azərbaycan Təhsil Nazirliyinin qayğısı və dəstəyi nəticəsində bütün idman məktəbləri kimi bizim məktəb də hər bir şəraitlə təmin olunub. İdman zallarımızın müvafiq idman avadanlıqları ilə təminatı baxımından heç bir çətinliyimiz yoxdur və hər şey yüksək səviyyədədir. Yaradılan əlverişli şərait yetirmələrimizin yaxşı məşq etmələrinə və təbii olaraq ölkə, beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr qazanmasına zəmin yaradır”, - deyə o əlavə etdi.

Məqsəd uşaq və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir

Məktəbdə olarkən tədris müəssisəsinin rəhbəri ilə qəbul qaydaları barədə də söhbət etdik. E.Məmmədxanovun sözlərinə görə, qəbul prosesi hər ilin sentyabr ayında aparılır. Şagirdlərin idman bölmələrinə qəbulunda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin əsasnaməsinə riayət olunur. Burada qılıncoynatma idman növünə şagirdlər 9 yaşından, boksa 12, velosiped idmanına isə 10 yaşından götürülür.
Yuxarıda qeyd etdiyimiz kimi, 8 saylı İOEUGİM-də idmanın 3 növü üzrə məşqlər keçirilir. Burada uşaqlar qılıncoynatma, boks və velosiped idmanında təcrübələrini artırırlar. Məktəbdə qılıncoynatma iki - sablya və şpaqa növü ilə təmsil olunub. Velosipeddə isə şagirdlər şosse və dağ velosipedi üzrə məşğul olurlar. E.Məmmədxanovun sözlərinə görə, qarşıya qoyulan məqsəd idman məktəbində tədris olunan bu idman növlərini orta ümümtəhsil məktəblərində təhsil alan şagirdlər arasında populyarlaşdırmaqdır. Bunun üçün rəhbərlik tərəfindən şagirdlər idman məktəbinə dəvət olunur və burada onların iştirakı ilə açıq dərslər təşkil edilir. İdmançılar nümunəvi çıxışlarını nümayiş etdirirlər və bu da şagirdlərin adıçəkilən idman növlərinə cəlb edilməsində öz müsbət təsirini göstərir.

8 saylı İOEUGİM hər il ənənəvi olaraq açıq birinciliklər təşkil edir. Yarışların keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onların idmana cəlb edilməsi, eyni zamanda şagirdlərin yarış təcrübəsini, artırılmasıdır. Adətən, belə yarışlardan sonra məktəbə müraciət edənlərin sayında artım müşahidə olunur. Onların arasından daha istedadlıları seçilərək məktəbin yığma komandasının tərkibinə cəlb edilir.
Sözügedən müəssisədə təqvim planı üzrə məktəbin açıq birinciliklərindən başqa, qılıncoynatma, boks və velosiped idmanı üzrə Novruz turnirlərinin təşkili də nəzərdə tutulur.


Yarışlarda 6 min nəfərdən çox şagird qüvvəsini sınayıb

İllər keçəcək, zaman dəyişəcək, amma Azərbaycanın tarixdə ilk dəfə Bakı-2015 Avropa Oyunlarına ev sahibliyi etməsi yaddaşlardan silinməyəcək. Azərbaycan ilk Avropa Oyunlarına layiqincə ev sahibliyi etməklə, nəinki Avropaya, hətta bütün dünyaya idman ölkəsi olduğunu bir daha sübut etdi. Paytaxt Bakı 17 gün ərzində Avropa Oyunlarının həyəcanı ilə yaşayaraq bayram libasına büründü. Xalqımızın qonaqpərvərliyi və mütəşəkkilliyi, könüllülərin təmənnasız fəaliyyəti, müvafiq qurumların yüksək təşkilatçılıq qabiliyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və milyonlarla tamaşaçının qəlbini riqqətə gətirməsinə səbəb oldu. Avropa Oyunları Azərbaycan dövlətçiliyinin, ölkə idmanının böyük təntənəsinə çevrildi və yarışlara uğurla ev sahibliyi edən Azərbaycan, həm də Avropa Oyunlarını 2-ci yerdə başa vurdu.

Müsahibimlə I Avropa Oyunlarının ölkəmizdə təşkili və əhəmiyyəti barədə də söhbət etdik. O, bu mötəbər idman tədbirinin uşaq və gənclərin idman bölmələrinə axınının artmasında böyük rol oynadığını da vurğuladı: "Bakı-2015 ilk Avropa Oyunları ölkəmizin və Avropanın idman tarixində mühüm iz qoydu. Yarışlar çox yüksək səviyyədə keçdi. Bunu beynəlxalq federasiya rəsmiləri, idmançılar və şəhərimizin qonaqları da təsdiq edirlər. Bu yarışların təşkili ölkəmizin Avropada və dünyada nüfuzunun daha da artırdı.

I Avropa Oyunlarından sonra ölkədə uşaq və gənclərin idman bölmələrinə axını daha da gücləndi, bu işdə maraqlı olan valideynlər övladlarının idmanla məşğul olmasında fəallıq göstərməyə başladılar”.
Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyi Bakı-2015 I Avropa Oyunları çərçivəsində yarışların proqramına daxil edilən 14 idman növü - velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika üzrə məktəblilərarası zona yarışları təşkil edib. Aprelin 21-də startı verilən tədbirlər çərçivəsində 55-ə yaxın idman yarışı təşkil edilib. I Avropa Oyunları ərəfəsində təşkil olunan zona yarışları mayın sonunadək davam edib. Yarışlarda 6 min nəfərdən çox şagird qüvvəsini sınayıb.

Qeyd edək ki, 8 nömrəli İOEUGİM-in sədri Elvin Məmmədxanov I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə məktəblilər arasında zona yarışlarının təşkilində səmərəli fəaliyyət göstərib və buna görə Təhsil Nazirliyi tərəfindən fəxri diplomla təltif olunub.

8 saylı İOEUGİM ötən ili uğurla yola salıb

2015-ci il 8 saylı İOEUGİM üçün uğurlu illərdən biri kimi yadda qalıb. Belə ki, məktəbin idmançıları bir sıra respublika və beynəlxalq miqyaslı turnirlərdə əzmlə çıxış edərək, yüksək nəticələr əldə ediblər. Onlar vətəndən xaricdə dəfələrlə dövlət bayrağımızı yüksəklərə qaldıraraq, himnimizi səsləndiriblər.

Qılıncoynatma

2015-ci ildə məktəbin yetirmələri Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə keçirilən bir sıra birincilik və çempionatlarda inamla yarışıblar. Belə ki, ötən ilin yanvar ayının əvvəlində Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində məktəbin yetirməsi İslam Yusifov yarışın qalibi olub. Fevralın 14-15-də gənclər arasında Azərbaycan birinciliyində isə o, fəxri kürsünün ən yüksək pilləsində qərar tutub.

Bundan başqa, məktəbin qılıncoynatma üzrə yığma komandası ötən il fevralın 18-22-də Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçirilən beynəlxalq turnirin bürünc mükafatına layiq görülüb. Yarışda Azərbaycanı təmsil edən 8 saylı İOEUGİM-in yetirmələri komanda hesabında ikinci yerə layiq görülüblər. Turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Moldovadan 264 idmançı iştirak edib.

Mayın 15-18-də təşkil edilən Bakı çempionatında Cavanşir Səfərov gümüş medala layiq görülüb. Məktəbin digər yetirməsi Barat Quliyev iyul ayının əvvəlində Gürcüstanın Batumi şəhərində təşkil edilən beynəlxalq turnirin qalibi adını qazanıb. Cavanşir Səfərov həm də məktəbin digər yetirməsi Abdulla Həsənovla birlikdə ölkəmizi Bakı-2015 Avropa Oyunlarında təmsil edənlərdən olub.

Oktyabr ayında təşkil edilən Bakı birinciliyində yeniyetmə qılıncoynadan İsmayıl İsmayılov fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında eyniadlı yarışda isə İslam Yusifov bütün rəqiblərindən üstün olub.
Məktəbin yetirməsi Aysel Əhədova noyabr ayında Bolqarıstanda keçirilən qılıncoynatma üzrə "Plovdiv CUP” beynəlxalq turnirində uğurla çıxış edib. 5 ölkədən 100-dək idmançı təmsil olunduğu turnirdə təmsilçimiz 2 dəfə fərqlənib. O, 15 yaşlılar arasında keçirilən yarışda I yeri, 17 yaşlılar arasında keçirilən yarışda isə III yeri tutub.
Ötən ilin dekabr ayında qılıncoynatma üzrə 8 saylı İOEUGİM-in acıq birinciliyi keçirilib. Oğlanlar arasında Barat Quliyev, Cavid Cahangirov, Nurlan Zeynallı hamıdan yaxşı çıxış ediblər. Qızlar arasında isə Ülkər Hümbətli, Azərin Hümbətli, Nazilə Rəhimova, Sara Aydəmirova, Aynur Qasımlı, Aysel Əhmədova fərqləniblər.

Boks

Boksçular da məktəbi layiqincə təmsil edirlər. Ötən il yanvarın əvvəlində boks üzrə keçirilən Bakı birinciliyində də məktəbin yetirmələri uğurla çıxış ediblər. Boksçular Elvin Atakişiyev və Amid Əlizadə birincilikdə mükafata layiq yerləri tutublar.

Elvin Atakişiyev yenə həmin ayda "Təhsil” Respublika İdman Mərkəzinin 1999-2000 ci il təvəllüdlü yeniyetmələr arasında təşkil etdiyi açıq birinciliyində çempion adını qazanıb. Yeniyetmə idmançılar Soltan Həmidov, Nicat Quliyev və İlkin Şərifzadə isə I, II yerləri tutublar. E.Atakişiyev boks üzrə Azərbaucan birinciliyinin bürünc mükafatına sahib olub.

Ötən ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ölkə birinciliyinin qalibləri arasında 8 saylı məktəbin yetirmələri Nicat Hüseynov, İrac Zeynallı, Məhəmməd İsmayılov, Vüsal Qurbanov, Tacəddin Mamamlıyev də olub.

Sentyabr ayında "Gömrükçü” idman klubunun açıq birinciliyində Kənan Abdullayev 2 ci yer, Vüsal və Bəxtiyar Ümidov 3 cü yeri tutublar.

Oktyabr ayında yeniyetmələrin Bakı birinciliyi yarışlarında Nürlan Xəlilov bütün rəqiblərindən güclü olub.
Məktəbin boksçusu Rasim Çobanlı ötən ilin sonunda keçirilən beynəlxalq turnirdən vətənə qızıl medalla qayıdıb. Milli komandanın üzvü olan R.Çobanlı ötən ilin dekabrında ölkəmizdə keçirilən və tanınmış boksçu Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə də fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Velosiped idmanı

2015-ci ilin may ayında velosiped idmanı üzrə Xızı rayonunda Azərbaycan çempionatı təşkil edilib. Fərdi ötüş yarışlarında Davud Proxerkus, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı finiş xəttini birinci keçiblər. Mikayıl Səfərli 17 yaşlılar arasında qrup ötüşməsində isə 2-ci olub. Davud Proxerkus isə 15 yaşlıların qrup ötüşməsində 3-cü yerə çıxıb.

I Avropa Oyunlarının proqramına daxil edilən 14 idman növü üzrə keçirilən kütləvi tədbirlər çərçivəsində qrup ötüşü yarışlarında 2000-ci il təvəllüdlü idmançılar arasında Əmral İsgəndərov, 2003-2004-cü il təvəllüdlülər arasında Ayxan Əhmədov fərqlənib. 2001-2002-ci il təvəlüdlülər arasında isə Rüfət Quliyev 2-ci yeri tutub.
Sentyabrın əəvəlində təşkil edilən trek növü üzrə Azərbaycan çempionatında 15 km məsafəyə kişilər arasında ötüş yarışlarında Elgün Əlizadə, yeniyetmələr arasında Ravil Xıdırov birinci olublar. 17 yaşlılar arasında Mikayıl Səfərli xallar, sürətli çevrə və omnium üzrə yarışlarda qalib olmağı bacarıb. U15-də isə Davud Proxerkus 2 km məsafəyə yürüş və sürətli çevrə yarışlarında fəxri kürsünün ən yüksək pilləsində qərar tutub. Sürətli çevrə yarışlarında isə Sirac Hüseyinzadə fərqlənib. Məktəbin velosiped idmanı üzrə yetirmələrinin səsi vətənin hüdudlarından da uzaqda gəlir. 8 saylı İOEUGİM-n idmançısı Kənan Qəhrəmanlı Serbiya və Slovakiyada keçriilən beynəlxalq turnirdə iştirak edərək fərdi yürüşdə ilk altılığa daxil olub.

İdmanın inkişaf etdirilməsi çox aktual və vacib məsələdir

İdman cəmiyyətin ən fəal təbəqəsi olan gəncləri öz ətrafına cəmləməklə onların zərərlin vərdişlərə meyi etməsinin qarşısını alır. Etiraf edək ki, müasir dövrümüzdə mənfi vərdişlərin qarşısını almaq bir qədər çətinləşib. Xüsusilə gənclər arasında müxtəlif mənfi vərdişlərin yayılma arealı və təsir vasitələri çox artıb. İnternetin həyatımıza bu qədər sürətlə daxil olduğu, qloballaşmanın mənfi təsirlərindən qorunmağın bu qədər çətin olduğu bir zamanda idmanın təbliği, inkişaf etdirilməsi çox aktual və vacib məsələdir. İdman və bədən tərbiyəsinin kütləviliyinin artması, bu sahəyə daha çox uşaq və gəncin cəlb edilməsi sayəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılar və həm də sağlam gənc nəsil yetişdirmək mümkündür.