Martın 5-6-da Bakıda ilk dəfə batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları keçirildi.
Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku yarışlarına Milli Gimnastika Arenası ev sahibliyi etdi. Olimpiya ilində keçirilən mövsümün ilk yarışında Avropa ölkələri ilə yanaşı Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edirdilər. Ümumilikdə dünyanın 17 ölkəsindən 77 (46 kişi və 31 qadın) gimnast fərdi və sinxron proqramda medallar uğrunda mübarizə apardı.
Dünya Kubokunda kişi gimnastlardan Olimpiya Oyunlarının gümüş, dünya və Avropa çempionatının qızıl mükafatçısı, dünya və Avropa çempionu Andrey Yudin, dünya çempionatının qızıl və gümüş medalçısı Mixail Melnik, qadınlar arasında isə dünya çempionu Brioni Peys, Avropa çempionu Pamela Klark kimi tanınmış idmançılar mübarizə aparırdılar.
Azərbaycanı batut gimnastikası üzrə FİG dünya Kuboku yarışlarında kişilər arasında yığma komandanın üzvü, Bakı-2015 Avropa Oyunlarının bürünc mükafatçısı İlya Qrişunin, açıq Azərbaycan çempionatının qalibi Oleq Piunov, Dmitri Fedorovski, Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştarova və Sabina Zaytseva təmsil edirdilər.
Yarışların ilk günündə kişi və qadın gimnastlar təsnifat mərhələsində qüvvələrini sınadılar. Sonuncu gündə isə fərdi çıxışlar və sinxron cütlüklərin final yarışları təşkil olundu.
Qadınların sinxron çıxışlarında Belarus təmsilçiləri Anna Narçonak və Tatsiana Piatrenia 47.500 balla dünya kuboku yarışlarının qızıl medalını qazandılar. Ukraynalı cütlük Nataliya Moskvina-Marina Kiko 46.700 balla ikinci, Rusiya batutçuları Yana Pavlova və Viktoria Voronina isə 46.000 balla üçüncü oldular. Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva isə dünya kuboku yarışlarını 14.000 balla yeddinci pillədə başa vurdular.
Kişi batutçular arasında sinxron cütlüklərin yarışında Rusiya idmançıları Nikolay Federenko və Dmitri Uşakov 49.900 balla fəxri kürsünün ən yüksək pilləsinə yer aldılar. Belaruslu Vladislav Xançarov və Mikalay Kazak 49.800 balla ikinci, Portuqaliya idmançıları Dioqo Qançinho və Dioqo Abreu 48.600 balla üçüncü oldular. Azərbaycan təmsilçiləri Dmitri Fedrovski və Ruslan Ağamirov 47.400 balla dördüncü pillədə qərarlaşdılar.
Qadınların fərdi çıxışlarında belaruslu gimnastlar ilk iki pillədə yer aldılar. Anna Narçonak 54.810 balla qızıl, Tatsiana Piatrenia 54.715 balla gümüş medala sahib oldular. Bürünc medalı isə Böyük Britaniya təmsilçisi Ketrin Driskol (54.470 bal) qazandı. Azərbaycan idmançısı Svetlana Makştarova dünya kuboku yarışlarını yeddinci pillədə (20.190 balla) başa vurdu.
Kişilərin fərdi çıxışlarında rusiyalı Dmitri Uşakov 61.345 balla dünya Kubokunun qızıl medal qazandı. Belarus təmsilçisi Vladislav Xançarov 59.700 balla ikinci, portuqaliyalı Dioqo Qançinho isə 58.995 balla üçüncü pillədə yer aldılar.
Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatına Viktoriya Voronina (Rusiya) və Artur Zakrevski (Polşa) sahib oldular.
Səadət Hakiyeva