Dünya Güləş Birliyi güləş idman növünün modernləşdirilməsi prosesinin davamı olaraq, güləşçilərin yarış geyimlərində yeni dəyişikliklər tətbiq edəcəyini açıqlayıb. Dəyişikliyə görə, güləşçilər artıq yarışlarda əvvəlki kimi, göy və qırmızı rəngli standart güləş geyimlərindən deyil, ölkə federasiyalarının özünəməxsus hazırladığı və milli rənglərdən istifadə edilən geyimlərindən istifadə edə biləcəklər.
Qaydaya görə, güləş geyiminin ayaq və kürək hissəsində göy və ya qırmızı zolağın olması mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək hissəsində isə idmançının təmsil olunduğu ölkənin adının abreviaturası və idmançının soyadı əks olunmalıdır.
İdman geyimi ilə bağlı edilmiş dəyişikliklər aprelin 22-24-də Monqolustanın Ulan- Bator şəhərində keçiriləcək birinci dünya təsnifat turnirində və mayın 6-8-də Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu dünya təsnifat turnirində tətbiq ediləcək.