Olimpiya Oyunlarında lider güləşçilər fərqli qruplarda mübarizə aparacaqlar

Olimpiya Oyunlarında lider güləşçilər fərqli qruplarda mübarizə aparacaqlar



Dünya Güləş Birliyi (DGB) güləş idman növünün dünyada populyarlığını artırmaq üçün yeni addımlar atır. 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və DGB İcraiyyə Komitəsinin üzvləri ilə aparılan danışıqların nəticəsində Rio-2016 Yay Olimpiya Oyunlarının güləş yarışlarında tətbiq ediləcək yeni qərar qəbul edilib
.
Qərara əsasən, 2015-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatının finalçıları Olimpiya Oyunlarında eyni yarımqrupda mübarizə aparmayacaqlar. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda dünya çempionatının finalçılarına şamil edilməyəcək. Belə ki, dünya çempionatının qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu qərar güclü idmançıların Olimpiya Oyunlarının finalına çıxmaq şansını artıracaq.

Bu qərar dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin Olimpiya Oyunlarında iştirakı zamanı tətbiq ediləcək. Əgər milli federasiyalar Olimpiya Oyunlarına lisenziya qazanan idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək.