Yunan-Roma komandamız qitə çempionatının bürünc mükafatını qazanıb
Martın 8-13-də Latviyanın paytaxtı Riqada güləş üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Səkkiz gün davam edən qitə yarışlarında yığmamızın üzvləri 8 -2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Qadın güləşçilərimiz Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç, Hacı Əliyev, Kamran Məmmədov və Həsən Əliyev bürünc medal qazanıblar.
Qitə çümpionatında 2 bürünc medal qazanan Azərbaycan yunan-Roma komandası komanda hesabında üçüncü pillədə qərarlaşıb.
Qitə çempionatının ilk günündə qadın və sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar. Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) 5-ci dəfə Avropa birincisi olub. Sərbəst güləşçimiz Aleksandr Qostiyev (86 kq) isə yarışdan gümüş medalla ayrılıb.
Mariya Stadnik finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə o, Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə bolqarıstanlı Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib çıxıb. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.
Aleksandr Qostiyevin ilk rəqibi Zbiqnev Baranovski (Polşa) güləşçimizlə görüşə çıxmayıb. Sonra London-2012 Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.
Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurublar. 60 kq çəki dərəcəsində qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə bolqarıstanlı Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də, xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.
Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.
61 kq-da mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev rəqiblərinə bir xal belə vermədən əvvəlcə Litvadan Sarinas Jurcisi, ardınca Bolqarıstandan Vladimir Dubovu mübarizədən kənarlaşdırıb. Yarımfinalda London-2012 Olimpiadasının gümüş medalçısı gürcü Vladimir Xinçeqaşvili ilə gərgin keçən görüşdə rəqib üstün olub. Hacı Əliyev Ermənistan təmsilçisi Valodya Franqulyanla bürünc medal uğrunda həlledici görüşə çıxıb. Qarşılaşmada rəqibindən üstün olan güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.
Çempionatın dördüncü günündə 58 kq və 69 kq çəkidə qadın, 70 kq və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurublar. Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenkov və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Final görüşünü də qələbə ilə başa vuran Nataliya Sinişin Avropa çempionatının qızıl medalına sahib olub.
74 kq çəkidə yarışan ikiqat Avropa çempionu Cəbrayıl Həsənov ilk görüşündə gürcü Jakob Maxaraşvilini təmiz qələbə ilə məğlub edib. Növbəti görüşdə gürcü əsilli Ukrayna təmsilçisi Giya Çixladzedən də üstün olan güləşçimiz yarımfinalda bolqarıstanlı Miroslav Kirovla qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Cəbrayıl adını finala yazdırıb. Finalda güləşçimiz Türkiyə təmsilçisi Soner Demirtaşa minimal hesabla məğlub olaraq çempionatın gümüş medalına yiyələnib.
Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıblar. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
66 kq çəkidə mübarizə aparan Kamran Məmmədov ilk görüşündə Danimarkadan Calr Anders Poul Ekstroem üzərində qələbə qazansa da, Serbiya təmsilçisi Davor Stefaneklə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu görüşdə Macarıstandan Kriştian Jageri mübarizədən kənarlaşdıran Kamran bürünc medal uğrunda görüşdə Litva təmsilçisi Edgaras Venckaitislə görüşüb. Gərgin keçən qarşılaşma güləşçimizimizin xeyrinə başa çatıb.
Çempionatın son günündə yunan-Roma güləşimiz Həsən Əliyev yığmamızın aktivindəki bürünc medalların sayını 4-ə çatdırıb. 71 kq-da mübarizə aparan Həsən Əliyev ardıcıl olaraq Latviyadan Kristaps Kalnakarklis, Çexiyadan Jan Zizkanı tam üstünlüklə məğlub etsə də, 1/4 finalda Serbiya təmsilçisi Aleksandar Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Həsən İsveçdən Klnut Zakarias Tallrothu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyədə Yunus Özellə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə güləşçimizə Avropa çempionatının bürünc medalını qazandırıb.