Qobu qəsəbəsində yeni idman klubu istifadəyə verildi

Qobu qəsəbəsində yeni idman klubu istifadəyə verildi

Abşeron rayon Qobu qəsəbəsində «Cavanşir» idman-sağlamlıq klubunun açılış mərasimi oldu. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, millət vəkilləri Ülvi Quliyev, Adil Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionları Namiq Abdullayev, Zenfira Meftahətdinova, Fərid Mansurov, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Tədbirin əvvəlində qəsəbənin 93 yaşlı ağsaqqalı İsa İsmayıloğlu idman-sağlamlıq klubunun açılışı ilə bağlı xeyir-dua verdi.

Sonra söz Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılova verildi. O, yeni klubun gənc nəslin fiziki hazırlığının yüksəldilməsində böyük pay sahibi olacağını vurğuladı: «Ölkəmiz idman sahəsində dünyada böyük nüfuza malikdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman kütləvi hal alıb. Paytaxtla yanaşı, regionlarımızda da yeni-yeni idman kompleksləri tikilib istifadəyə verilir. Qobuda həmişə güləşə böyük həvəs olub. Bu növün inkişafı üçün rayonumuzda hər cür şərait var. Bildiyiniz kimi, rayonumuzda Olimpiya İdman Kompleksinin inşası davam edir. Şahmat Mərkəzi isə tikilib istifadəyə verilib. İnanıram ki, Qobuda istifadəyə verilən «Cavanşir» idman-sağlamlıq klubunda Avropa, dünya və Olimpiya çempionları yetişəcək».

Asif Quliyev öz çıxışında ölkəmizin güləş tarixindən danışdı. Pəhləvanlarımızın Avropa və dünya çempionatlarında, həmçinin Olimpiya oyunlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən natiq bu klubun güləşin inkişafına təkan verəcəyinə inandığını dedi. «Son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Dövlət başçısının idmana olan qayğısı bu sahənin inkişafına təkan verir. Olimpiya, dünya və Avropa çempionatlarında medallarımızın sayı artır. Azərbaycan idmançıları beynəlxalq turnirlərdə Dövlət himnimizi səsləndirir, bayrağımızı yüksəklərə qaldırırlar. Gənclər və İdman Nazirliyi adından Qobu qəsəbəsinin sakinlərini təbrik edirəm. Ümid edirəm ki, bu gün açılışını etdiyimiz güləş klubundan dünya və Avropa səviyyəli idmançılar yetişəcək», - deyə Asif müəllim əlavə etdi.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd etdi ki, Cavanşir Qurbanov Azərbaycan güləşinin inkişafında, tanınmış idmançıların yetişməsində mühüm işlər görüb: «Fəxr edirəm ki, gənclər və idman məktəbində Cavanşir müəllimin tələbəsi olmuşam. O, Güləş Federasiyasının vitse-prezidenti olaraq, regionlar, Bakı kənd və qəsəbələrində güləş idman növünün inkişafı üçün hər cür işlər görür. Novruz bayramı ərəfəsində güləş klubunun açılışı qəsəbə sakinləri üçün böyük hədiyyədir. Balaca qəsəbədə belə idman klubunun açılışı idmana göstərilən qayğının bariz nümunəsidir. Milli Olimpiya Komitəsinin rəhbərliyi adından qəsəbə sakinlərini bir daha təbrik edir, gənc idmançılarımıza böyük uğurlar arzulayıram».

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Ülvi Quliyev öz çıxışında bu idman zalının tikintisi və onun müəyyən avandanlıqlarla təchiz olunmasında iştirakı olan bütün təşkilatçılara minnətdarlığını bildirdi. «Qobu qəsəbəsində idman zalının tikintisi yerli sakinlər üçün böyük hədiyyədir. İnanırıq ki, bu idman zalında tanınmış idmançılar yetişəcək və qələbələri ilə bizi sevindirəcək. Cənab Prezident İlham Əliyev idman siyasətini uğurla davam etdirir. Gənclərimiz təkcə fiziki cəhətdən yox, həm də mənəvi cəhətdən sağlam olmalıdırlar. Ölkəmizi beynəlxalq arenalarda təmsil etmək hər bir idmançımızın arzusudur. Bu şərəfli yolda pəhlavanlarımıza uğurlar arzu edirəm. Əminəm ki, yeni idman klubu Qobu sakinlərinin üz tutacaqları sevimli məkan olacaq», - deyə Ülvi Quliyev əlavə etdi.

Dövlət səviyyəsində idmana və gəncliyə böyük diqqət olduğunu vurğulayan millət vəkili Adil Əliyev ötən il Milli Məclisdə Gənclər və İdman Komitəsinin yaradıldığını dedi: «Bu o deməkdir ki, Azərbaycan gənclərinə dövlət səviyyəsində diqqət və qayğı yüksək səviyyədədir. Cavanşir Qurbanov Azərbaycanın idman həyatında önəmli insanlardan biridir. O, idmançıların yetişməsində böyük zəhməti olan təcrübəli mütəxəssisdir. Bu gün Qobu qəsəbəsində güləş klubunun açılışı təsadüf sayıla bilməz. İnanıram ki, bu klubda yüksək nəticələr qazanan idmançılarımız yetişəcəklər».
Cavanşir Qurbanov tədbir iştirakçılarına minnətdarlığını bildirərək dedi: «Məqsədimiz regionlarda güləşin inkişafına nail olmaqdır. Gənc idmançılara məşq etmək üçün zallar lazımdır. Ona görə də belə qərara gəldik ki, Qobu qəsəbəsində idman klubu istifadəyə verək. Burada məşq keçən müəllimlər federasiya tərəfindən seminarlara cəlb olunacaqlar. Bu isə, məşqçilərin təcrübəsini daha da artıracaq. İdman qurğularının sayının artırılması şəxsən məni çox sevindirir. Çünki yeni yaradılan hər bir idman qurğusu uşaq, yeniyetmə və gənclərimizin sağlamlığını təmin edir. Qobuda istifadəyə verilən bu klubda təkcə güləşin yox, digər idman növlərinin inkişafı üçün şərait var. Gələcəkdə burada cüdo, karate, voleybol və yüngül atletika kimi idman növlərinin inkişaf etdirilməsi də nəzərdə tutulub. Bu amil uşaqların asudə vaxtlarının səmərəli keçməsinə, onların pis əməllərdən uşaq olmasına imkan verəcək. Qarşıda bizi XXXI Yay Olimpiya Oyunları gözləyir. İnanıram ki, idmançılarımızı bu mötəbər yarışdan Vətənə qızıl medallarla qayıdacaqlar».


Olimpiya çempionları Namiq Abdullayev, Zenfira Meftahətdinova və Fərid Mansurov öz çıxışlarında yeni idman ocağının istifadəyə verilməsini yüksək qiymətləndirdilər.

Çıxışlar başa çatdıqdan sonra Dövlət himni səsləndirildi.

Olimpiya çempionu Zenfira Meftahətdinova və xalq artisti Aygün Kazımova qırmızı lenti kəsdilər.