Novruz bayramında Azərbaycanın xalq oyunları

Novruz bayramında Azərbaycanın xalq oyunları
Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir. İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: "Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”. Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əlbiruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyrd edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”.

Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.

Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:
Üzərriksən havasan
Cəmi dərdə davasan.
Hər yerdə sən yanarsan.

Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər.

"Mil” oyunu

Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalınmağa başlardı. Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Pəhləvanlar şənliyin sonunda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli Pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.
Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından götürər, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq "süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.

Qeyd edək ki, altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona "üçlük”, "beşlik”, "onluq” əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar zorxanada da iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.

Qurşaqtutma
Qurşaqtutma Azərbaycanda geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı və digər el şənliklərində qurşaqtutma yarışı keçirilir. Bu, zorxana idman oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış, adətən, Novruz bayramı və digər el şənliklərində oynanılır. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:
- Mənəm nərlərin nəri,
Ay oğlan.
Mənəm ərlərin əri,
Ay oğlan.
Əl qolunu çatdadaram,
Ay oğlan.
Bağrını partladıram,
Ay oğlan.

Qılınc oynatmaq
Bu oyunda meydana çıxan gənclər bir-birlərinin əllərindən qılınc düşənə qədər döyüşməlidirlər. Qılıncoynatma bəzən at üstündə də keçirilir. Bu oyundan qalib çıxana Novruz hədiyyəsi verilərdi.

Cıdır oyunu
Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biridir. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud” boylarından, Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir.

Cıdırın keçirildiyi meydan və gün əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar.

Cıdır iştirakçılarından kim məsafəni birinci qət edərsə, o, yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşaiyət edir. Adətən, cıdır meydanları üçün elə yer seçilir ki, əhali cıdıra çıxanları görə bilsin. Cıdır sözün əsil mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilir. Cıdır ötəri yarış, sadəcə at oynatmaqla məhdudlaşan əyləncə deyil. Burada pərəstişin, inamın, sehr və ovsunun izləri də var.

"Papaq” və "Güc sınağı”oyunu
Oyunun iştirakçısı müəyyən vaxt ərzində öz papağını başında saxlamağa çalışmalı, həm də rəqib komandadan iki papaq götürməlidir. "Güc sınağı” oyunu da çox maraqlıdır. Bu zaman atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə, bütün xalq oyunlarımız gənclərə cəldlik, sərrastlıq, dəqiqlik, özünəinamlılıq aşılayır.

"Sürpapaq” və "Piyalə və ox”
"Sürpapaq” oyununda isə oyunçular top-papaq uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən keçirirlər. Oyun zamanı iştirakçılara cəmi üç dəfə atdan düşməyə icazə verilir. Bu oyun bir qədər müasir basketbola da oxşayır. Atüstü idman növlərindən "Piyalə və ox” oyunu da çox maraqlıdır. Oyunda məqsəd atı çaparaq xüsusi dirəyin üzərindəki piyaləni oxla vurmaqdır. Bu oyun bir neçə variantda oynanılır. "Piyalə və ox” oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq lazım idi.

Novruz bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər. Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.