Azərbaycan güləş yığması Rio-2016 Olimpiadasına hazırlığı davam etdirir

Azərbaycan güləş yığması Rio-2016 Olimpiadasına hazırlığı davam etdirir



Güləş üzrə ölkənin yığma komandası təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.

Bu ilin avqustunda keçiriləcək Rio-2016 Yay Olimpiya Oyunlarının təsnifat turnirlərinə hazırlıq planı üzrə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində davam etdirirlər.

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 12 üzvünün iştirakı ilə keçirilən təlim-məşq toplanışı aprelin 3-dək davam edəcək. Pəhləvanlarımız Göygöldə məşqlərə martın 17-dən başlayıblar.

Yunan-Roma güləşçilərimiz isə U-23 Avropa çempionatına hazırlıqlarını davam etdirən yığmanın üzvləri ilə birgə təlim-məşq toplanışını martın 27-də başa çatdırıblar.
Məlumat üçün bildirək ki, olimpiadaya ilk lisenziya verən dünya çempionatında güləşçilərimiz 11 vəsiqəni özləri üçün təmin ediblər. Növbəti lisenziya yarışları isə aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində keçiriləcək. Avropa təsnifat turniri həmin ayın 22-24-də Monqolustanın Ulan Bator şəhərində təşkil ediləcək. Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu dünya təsnifat turniri isə mayın 6-8-də baş tutacaq.

Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa və İstanbulda keçiriləcək sonuncu dünya təsnifat turnirlərində hər çəki dərəcəsində yalnız finalçılar, Monqolustanda keçiriləcək birinci dünya təsnifat turnirində isə finalçılarla yanaşı, bir üçüncü yerin qalibi də Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


olimpnews.az