“Cavanşir” idman-sağlamlıq klubunun qapıları Qobunun hər bir sakini üçün açıq olacaq

“Cavanşir” idman-sağlamlıq klubunun qapıları Qobunun hər bir sakini üçün açıq olacaq
Hər zaman öz səhifələrində idmanın inkişafına, uşaq və yeniyetmələrin fiziki və mənəvi tərbiyəsi ilə bağlı yazılara geniş yer ayıran "Olimpiya dünyası” qəzeti bu ənənəni davam etdirir. İstər paytaxtda, istərsə də bölgələrdə idmanın inkişafını diqqətdə saxlayan qəzetimiz bu sahədə görülən işlər barədə silsilə yazılar dərc edir.
Xəbər verdiyimiz kimi bu ayın əvvəllərində Abşeron rayon Qobu qəsəbəsində "Cavanşir” idman-sağlamlıq klubu istifadayə verilib. Artıq həmin idman ocağı fəaliyyətə başlayıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovun təşəbbüsü ilə yaradılan klubda canlanma müşahidə olunur.

İdman obyektində olduğumuz vaxt bunun şahidi olduq. Qəsəbə sakinlərinin istifadəsinə verilən "Cavanşir” idman-sağlamlıq klubu qobuluların ən sevimli məkanına çevrilib, desək, yanılmarıq.
Azərbaycanda güləş idman növünün inkişafında, idmançıların yetişməsində bilavasitə xidmətləri olan Cavanşir müəllim bu işini indi də Qobuda davam etdirir. Klubda güləş və cüdonun təbliğ olunmasını, bu növlərdə bacarıqlı idmançıların yetişməsini əsas vəzifə sayan təcrübəli mütəxəssis biliyini bu istiqamətdə sərf etməyə çalışır. Cavanşir müəllimlə söhbət zamanı buna bir daha əmin olduq. "Klubda təkcə güləş və cüdo ilə kifayətlənməyəcəyik. Burada idmanın digər növlərinə də yer ayıracağıq. Çalışacağıq ki, qəsəbə sakinləri qızların idmana cəlb olunmasında fəallıq nümayiş etdirsinlər. Çünki oğlanlarla yanaşı, qızların da fiziki cəhətdən sağlam olması əsas şərtdir. Bu, onların gələcəyi üçün böyük fayda verəcək. Biz yaxşı bilirik ki, qəsəbələrdə qızların idmanla məşğul olmasına birmənalı yanaşmırlar. Hesab edirəm ki, bu işin də öhdəsindən layiqincə gələcəyik. Əminəm ki, Qobunun idmançı qızları bir sıra yarışlarda iştirak edib, qazandıqları uğurlarla örnək olacaqlar”, - deyə Cavanşir Qurbanov bildirdi.

Təcrübəli mütəxəssis onu da qeyd etdi ki, "Cavanşir” idman-sağlamlıq klubu təkcə idman tədbirləri üçün nəzərdə tutulmayıb. Klubda mədəni-kütləvi tədbirlər də təşkil olunacaq. Klubun qapıları Qobunun hər bir sakini üçün açıq olacaq. "Mən bu işdə bütün qüvvəmi səfərbər etməyə çalışacağam. Bir sıra layihələrin həyata keçirilməsi əsas işimizdir. Uşaqlara və yaşlılara daha çox yer ayıracağıq. Belə ki, uşaqlar arasında bir sıra oyunların yenidən bərpasını planlaşdırırıq. Bir vaxtlar həyətlərdə uşaqlar "Çilədi”, "Şumaqədər”, "Naqqulu”, "Topaldıqaç”, "Qayışgötürdü” və digər oyunlarla vaxt keçirirdilər. Bu isə uşaqların fiziki cəhətdən inkişafına, onların sağlam böyüməsinə müsbət təsir edirdi. Amma indi həmin oyunlar demək olar ki, unudulmaq təhlükəsi ilə üz-üzədir. Kompyuter oyunlarının vüsət alması qədim oyunlarımıza olan marağı azaldıb. Bu oyunları təbliğ etmək, nəsildən nəsilə ötürmək bizim üzərimizə düşür. Məsələn, "Çilədi” oynayan uşaq həm də futbolda lider ola bilər. Yaxud "Qayışgötürdü” də uşaqlar öz mübarizliklərini nümayiş etdirə bilərlər. Düşünürəm ki, həmin oyunlar uşaqların fiziki və mənəvi tərbiyəsinə müsbət təsir göstərəcək”, - deyə o qeyd etdi.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovla klubda olduğumuz vaxt qəsəbənin sakinlərinin bir qismi çay süfrəsi ətrafında toplaşdılar. Bu və ya digər məsələlərlə bağlı geniş müzakirələrdə qəsəbənin bələdiyyə nümayəndələri və ziyalılar yaxından iştirak edirdilər. Cavanşir Qurbanov qeyd etdi ki, bu cür tədbirlər tez-tez təşkil olunacaq. Qəsəbə sakinləri adından çıxış edən Qəzənfər Xəlilov adına 1 saylı orta məktəbin direktoru Cəbrayıl Cəfərquliyev yaradılan şəraitə görə AGF-in vitse-prezidentinə öz təşəkkürünü bildirdi. O dedi: "Ölkəmizdə idman və bədən tərbiyəsi sürətlə inkişaf edir. Dövlətimiz bu sahənin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə keçirilən bir sıra idman yarışları, xüsusilə I Avropa Oyunları buna misal ola bilər. Bu göstərir ki, Azərbaycanda idman sevilir, idmançılara göstərilən qayğı və diqqət isə özünü doğruldur. Paytaxtla yanaşı bölgələrdə idman infrastrukturu yüksək səviyyədədir. Biz çalışmalıyıq ki, idman uşaq və yeniyetmələrin həyat tərzinə çevrilsin. Onlar zərərli vərdişlərdən uzaq olsunlar. Bir sözlə, gənclərimiz sağlam və vətənpərvər böyüsünlər. Bu günün gəncləri sabahın layiqli vətəndaşları olmalıdırlar”.

Müzakirələr başa çatdıqdan sonra bədii hissə oldu. Xənəndə Mirməmməd Mircavadov Nicat Məmmədovun tarla müşayiəti ilə muğam oxuyub, tədbir iştirakçılarının zövqünü oxşadı. Cavanşir Qurbanov tədbir iştirakçılarının bir qisminə xatirə hədiyyələri təqdim etdi.