Bu gün Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayır. Məlumat üçün bildirək ki, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.
Olimpnews.az saytının məlumatına görə, yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb. Çempionatın proqramına əsasən, martın 29-30-da yunan-Roma, martın 31-dən aprelin 1-dək qadın, aprelin 2-3-də isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 9 - 1 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.