Mingəçevirdə ilin ilk beynəlxalq reqatası keçirildi

Mingəçevirdə ilin ilk beynəlxalq reqatası keçirildi

Aprelin 1-dən 3-dək Mingəçevirdəki "Kür” Olimpiya Tədris İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Prezident kuboku” reqatası keçirildi. Olimpnews.az saytının məlumatına görə, ənənəvi reqatada Azərbaycan, Gürcüstan və Ukraynanın 150-dən çox idmançısı mübarizə apardı.

Reqatanın təşkilində məqsəd bu idman növünün daha da populyarlaşdırılması, Azərbaycan yığma komandalarının heyətini və hazırlıq səviyyəsini müəyyənləşdirməkdən ibarət olub. Qarşıdakı Avropa və dünya çempionatlarında, Dünya kubokunun mərhələ yarışlarında və Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış və vəsiqəyə iddialı avarçəkənlər də sınaqdan çıxarıldı.

Yarış 3 yaş qrupu - böyüklər, 1999-2001 və kiçik yaş qrupları (2002, 2003, 2004) üzrə keçirildi. Kayakçı və kanoeçilər 1000 metr, 500 metr və 200 metr, akademik avarçəkənlər isə 2000 metr, 1500 metr və 1000 metr məsafələrə yürüş etdilər.

Akademik avarçəkənlərin mübarizəsində əsas rəqabət 2 nəfərlik qoşa avarlı qayıqla Rio-2016-ya lisenziya qazanmış Aleksandr Aleksandrovla Boris Yotov arasında getdi. 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə A. Aleksandrov finişə 8 dəqiqə 23,82 saniyəyə birinci, Yotov 8 dəqiqə 24,32 saniyəyə ikinci çatdı. Üçüncü yeri isə 8 dəqiqə 29,06 saniyə göstərici ilə Vassil Vitanov tutdu. Kayakçıların yürüşlərində Azərbaycan yığmasının üzvü Tamerlan Mustafayev 1000 metr məsafəyə 4 dəqiqə 25,08 saniyəyə çataraq, qalib oldu. Onun ən yaxın izləyiciləri Azad Tağızadə (4:36.45) və Qəşəməli Əliyev (4:45.43) xeyli geridə qaldılar.

Yevgeni Karabuta 500 metr məsafəni 1 dəqiqə 51,43 saniyəyə qət edərək, qalib oldu. O, millinin təcrübəli üzvü Mirnazim Cavadovu 1,64 saniyə, ukraynalı İvan Semikini 2,99 saniyə üstələdi. 200 metr məsafəyə yürüşdə ukraynalı İvan Semikin finişə 39,53 saniyəyə çataraq, ən yaxın izləyicilərindən Mirnazim Cavadovu 1,15 saniyə, ukraynalı Daniel Kuzmini isə 2,87 saniyə geridə qoydu.

Eyni məsafəyə 2 nəfərlik qayıqla yürüşdə İvan Semikin - Daniel Kuzmin (Ukrayna) cütlüyü 36,45 saniyə nəticə ilə birinci oldu. Onlar azərbaycanlı Yevgeni Karabuta - Mirnazim Cavadov cütlüyünü 0,47 saniyə, Qəşəməli Əliyev - Elçin Qafarov cütlüyünü isə 6,61 saniyə geridə qoydular.

Qadınların yürüşündə Rio-2016-ya iki məsafədə lisenziya sahibi İnna Osipenko-Radomskaya hamını üstələdi. O, 500 metr məsafəni 1 nəfərlik qayıqla 2 dəqiqə 1,50 saniyəyə qət edərək, ukraynalı Anastasiya Qorlovanı 1,40 saniyə, azərbaycanlı Anastasiya Bilousu 14,66 saniyə geridə qoydu.

Osipenko-Radomskaya eyni məsafəyə 2 nəfərlik qayıqla yürüşdə Anastasiya Qorlova ilə birgə çıxış etdilər. Onlar 2 dəqiqə 3,56 saniyə nəticə ilə qalib oldular və Lyubov Babiyeva - Anastasiya Bilous cütlüyünü 15,72 saniyə üstələdilər.
200 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə də olimpiya çempionu birinci oldu. O, finişə 45,30 saniyəyə çataraq, Orlovanı 0,92 saniyə, Bilousu isə 3,96 saniyə geridə qoydu.

Kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəni Azərbaycan millisinin üzvü Aleksey Kupin 4 dəqiqə 21,28 saniyəyə qət edərək qalib oldu. Onun komanda yoldaşı Yuri Tixnyuk 4 dəqiqə 23,84 saniyə nəticə ilə ikinci, İqor Krupkin isə 4 dəqiqə 50,99 saniyə göstərici ilə üçüncü yeri tutdu.

500 metr məsafəyə yürüşdə Kupin 2 dəqiqə 3,63 saniyə nəticə ilə çempion adını qazandı. O, komanda yoldaşı Mikita Sablini 2,06 saniyə üstələdi.

200 metr məsafəyə yürüşdə finişə 43,24 saniyəyə çatan İqor Krupkin ən yaxın izləyicilərindən Mikita Sablini 0,96 saniyə, Aleksey Kupini isə 1,09 saniyə geridə qoydu.

Medal hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Ukrayna isə üçüncü oldu.

Baş hakim İlqar Tağıyev Beynəlxalq "Prezident kuboku” reqatasının yüksək səviyyədə və böyük rəqabət şəraitində keçdiyini bildirdi. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, budəfəki yarışda idmançıların sayı artıb. Bu da ölkədə avarçəkməyə marağın artdığını göstərir. İ. Tağıyev küləkli hava şəraiti ilə əlaqədar bəzi çətinliklərin olduğunu da vurğuladı. Amma baş hakim idmançıların reqatanı çox yüksək səviyyədə başa vurduqlarını əlavə etdi.

Rahib Səmədov,
Bakı-Mingəçevir-Bakı