Aprelin 22-24-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə I dünya təsnifat turniri başa çatıb.
"Olimpnews.az” xəbər verir ki, Azərbaycanın sərbəst güləş yığması olimpiadada tam heyətlə təmsil olunmaq imkanı əldə edib. Yığmaya sonuncu lisenziyanı bu yarışda 57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə qazandırıb.
İdmançımız finaladək inamla irəliləməyi bacarıb. 1/8 final mərhələsindən mübarizəyə başlayan güləşçimiz əvvəlcə Qvatemaladan olan Etan Tomapanı 55 saniyəyə, ardından moldovalı Aleksandru Çirtoakanı tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda hindistanlı Sandip Tomarla görüş 8:8 hesablı heç-heçə ilə nəticələnsə də, hakimlərin qərarı ilə qələbə Həsənzadəyə verilib.
Qeyd edək ki, bu, Rio-2016 Yay Olimpiya Oyunlarına Azərbaycanın qazandığı 44-cü, güləşçilərimizin isə 13-cü lisenziyasıdır. Sərbəst güləş üzrə artıq bütün 6 çəkidə olimpiadaya vəsiqə əldə edilib. Yunan-Roma güləşində vəsiqələrin sayı 4, qadın güləşində isə 3-dür.