IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi bağlanıb

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi bağlanıb



2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qlobal marketinq üzrə müqavilənin imzalanma mərasimi keçirilib.
Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nassar, Dubayda yerləşən Events Lab and MMC Sportz-un rəsmiləri - Səid Əbdülqaffar Hüseyn, Nasser Tabbah, Samir Tabbah və Erik M.Qottşalk iştirak ediblər.
Əl Nassar IV İslam Həmrəyliyi Oyunlarının gələn il Azərbaycan paytaxtında keçiriləcəyindən danışaraq Bakının böyük beynəlxalq idman yarışları təşkilatçısı təcrübəsinə malik olmasından qürur duyduqlarını bildirib: "Events Lab və MMC Sportz-la eksklüziv idman marketinq tərəfdaşı kimi müqavilənin bağlanılması göstərir ki, biz hədəflərimizə nail olmaq üçün tam fəal və peşəkarcasına çalışırıq".

"Desert Gate Tourism & Events Lab" Qrupunun baş direktoru Samir Tabbah İSSF-lə əməkdaşlığı çox önəmli saydıqlarını, MMC Sportz-la müştərək çalışmalarının müxtəlif müqavilələrin imzalanmasında zəngin təcrübə qazandıracağını vurğulayıb.

MMC Sports-un baş direktoru Erik M.Qottşalk isə deyib: "Biz 2017 illə bağlı kommersiya çərçivələri təqdim edəndə, bu, yüksək qəbul olunub, baxmayaraq ki, çoxlu büdcə vəsaiti tələb edirdi".
Qeyd edək ki, ilk İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. II Oyunların 2009-cu ilin oktyabrında təşkili planlaşdırılsa da, əvvəlcə 2010-cu ilin aprelinə təxirə salınıb, sonra isə ümumiyyətlə, baş tutmayıb. III Oyunlar isə 2013-cü ildə İndoneziyada təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il 12 - 27 mayda Bakıda keçirilməsi barədə qərar 3 il öncə Səudiyyə Ərəbistanın Ciddə şəhərində verilib. Oyunlarda 57 ölkənin 5000-dən çox idmançısının iştirakı gözlənilir.