"Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir keçirilir. Yarışlara aprelin 26-da start verilib. Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gücrcüstan, İran, Türkiyə, Bolqarıstan, Rusiya və Qazaxıstan pəhləvanları da mübarizə aparırlar.
Yeniyetmələrdən ibarət komandamız "Azərbaycan Güləş Federasiyasının Kuboku” turnirində 10 çəki dərəcəsində təmsil olunur.
"Olimpnews.az” xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışıb. Yığma komandamızın üzvləri ilk yarış gününü 18 - 4 qızıl, 5 gümüş və 9 bürünc medalla başa vurublar. Komanda hesabında Azərbaycan 92 xalla birinci, Gürcüstan 90 xalla ikinci, İran yığması isə 71 xalla üçüncü pillədə qərarlaşıb.
İkinci yarış günündə isə mübarizə aparmaq üçün döşəyə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan çıxıb. Yığma komandamızın üzvləri ikinci yarış gününü 10 - 4 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıblar. Komanda hesabında Azərbaycan 60 xalla birinci, Gürcüstan 59 xalla ikinci, Türkiyə yığması isə 56 xalla üçüncü pillədə qərarlaşıb.
Sərbəst güləş üzrə 115 yeniyetmə pəhləvanın mübarizə apardığı üçüncü yarış günündə yığmamızın üzvləri 14 - 3 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıblar. Komanda hesabında 86 xalla Azərbaycan birinci, 85 xalla İran ikinci, 76 xalla Türkiyə üçüncü yerdə qərarlaşıb.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunurlar.
Yarışlara bu gün yekun vurulacaq.
"olimpnews.az”