Şirvan məktəbliləri birincilikdə yarışıblar

Şirvan məktəbliləri birincilikdə yarışıblar

Şirvan şəhərində ümumtəhsil məktəbləri arasında "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların vətənpərvər ruhda böyüməsinə kömək göstərmək olub.

Birincilikdə ümumtəhsil məktəblərindən 13 komanda mübarizə aparıb. Şagirdlər 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma üzrə yarışda güclərini sınayıblar. Birincilikdə Şirvan şəhər 4 saylı orta məktəbin komandası daha fəallıq göstərərək birinci yeri tutub. 9 saylı tam orta məktəbin şagirdləri ikinci yerdə qərarlaşıblar. 1 və 18 saylı tam orta məktəbin komandaları eyni xal toplayıblar. Buna görə də hər iki məktəb üçüncü pillədə yer alıb. Poliatlon çoxnövçülüyünün qalibləri Şirvan şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

Vaqif Gözəlov,
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi,
Şirvan şəhəri