Tələbələrin respublika çempionatlarının açılışı oldu

Tələbələrin respublika çempionatlarının açılışı oldu

Bu gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil müəssisələrinin respublika spartakiadası və ali məktəb tələbələrinin idman növləri üzrə respublika çempionatlarının açılış mərasimi keçirilib.

Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən reallaşdırılan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Olimpnews.az saytının məlumatına görə, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə, idmana daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, ölkəmizdə müvafiq sahələrin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıblar.