Şirin Vəliyev - 50

Şirin Vəliyev - 50

Şirin Musaoğlu Vəliyev 27 aprel 1966-cıildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1983-cü ildə Bakı şəhər Nərimanov rayonunda 81 saylı Texniki Peşə Məktəbində təhsil alıb. 1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun hazırlıq şöbəsinə daxil olub. 1991-ci ildə isə məzun olub. Həmin ildə təyinatla Beyləqan rayonu 1 saylı orta məktəbdə işləyib. 1995-ci ildə Bakı şəhərinə qayıdıb və "Vətən müharibəsi əlilləri və şəhid ailələri” cəmiyyətində idman işləri üzrə sədr vəzifəsində çalışıb.

1997-ci ildən etibarən AzDBTİ-nin "Yüngül atletika” kafedrasında müəllim vəzifəsinə təyin olunub. Həmin illərdən atletika üzrə keçirilən respublika və şəhər miqyaslı yarışlarda hakim kimi və məşqçi-müəllim kimi işləməyə başlayıb. 2002-ci ildə atletika üzrə respublika dərəcəli hakimdir.

2005-ci ildən həmin kafedrada baş müəllim kimi çalışan Şirin Vəliyev I kateqoriyalı məşqçi-müəllimdir. Tələbələrindən Namiq Əsədov komandalar arasında Avropa çempionatının üçüncüsü olub. Digər tələbələri dəfələrlə Azərbaycan çempionları və bir sıra beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutublar.

2008-ci ildən Azərbaycan Atletika Federasiyasında hakimlər kollegiyasının sədri kimi fəaliyyət göstərən yubilyar Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. O, 25 elmi məqalənin və "Fiziki bədən tərbiyə” və "Yarış qaydaları” kitablarının müəllifidir.

Şirin Vəliyev 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülüb.
Təcrübəli mütəxəssis Avropa Olimpiya Təsnifatı yarışları (Bakı-2014), komandalar arasında Avropa çempionatı (Tbilisi-2014), Bakı 2015 I Avropa Oyunları, Yeniyetmələrin Avropa Olimpiya Festivalı (Tbilisi- 2015) kimi beynəlxalq yarışlarda hakimlik edib.
Azərbaycan Atletika Federasiyasının kollektivi Şirin Vəliyevi 50-illik yübileyi münasibətilə ürəkdən təbrik edir!