İstanbulda Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə verən II dünya təsnifat turniri keçiriləcək.
Turnirdə yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığmasının 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Yarışlarda finala yüksələn hər bir güləşçi həm də olimpiadaya vəsiqəni təmin edəcək.
"Olimpnews.az” xəbər verir ki, yunan-Roma güləşi yarışlarında ölkəmizi Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.
Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaqlar. Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə verən II dünya təsnifat turniri mayın 6-dan 8-dək davam edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.
Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-2016 Yay Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Braziliyada tam heyətlə yarışacaq. Belə ki, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz - 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqə əldə ediblər.