Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir

Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasında səfərdədir.
22 aprel 2013-cü ildə nazir Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirmişdir. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilmiş və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanmışdır. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunmuşdur. Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.
Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüş keçirmişdir. Görüş zamanı nazir Azad Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat vermiş və iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Həmin gün nazir A.Rəhimov "TV Brasil” kanalına müsahibə vermişdir. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən nazir bu ilin may ayında Bakıda Kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə etmişdir. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək yay Olimpiya oyunları barədə danışan nazir Azad Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs etmişdir.
Aprelin 23-də nazir A.Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşmüşdür. X.Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında Anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirmişdir. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Nazir A.Rəhimov Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Prezidenti deputat Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə də görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak etmişdir.