Rio-2016-da sərbəst güləş üzrə komandamız tam heyətlə təmsil olunacaq
Azərbaycan idmançıları bu il avqust ayının 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına cəylə hazırlaşırlar. Atletlərimiz bu günə qədər olimpiadaya 45 lisenziya əldə ediblər. Olimpiadaya qədər yarışlar davam edir və lisenziyaların sayının artacağı istisna deyil. Məlumat üçün bildirək ki, London-2012 Yay Olimpiadasında komandamız 16 idman növündə 53 lisenziya əldə etmişdi.
Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanın təmsil olunacağı idman növlərindən biri də güləşdir. Ölkənin güləş yığması bu günə qədər olimpiadaya 14 (11 kişi, 3 qadın) lisenziya əldə edib. Güləşçilərimiz bu lisenziyalardan 11-ni ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında qazanıblar.
11 lisenziya Las-Veqasda əldə olunub
Ötən il sentyabrın 7-12-də ABŞ-ın Las-Veqas şəhərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən güləş üzrə dünya çempionatında 23 idmançı ilə iştirak edən Azərbaycan yığması ümumi komanda hesabında 5-ci yeri tutub. Güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal qazanıb və olimpiadaya 11 lisenziya əldə edib.
Yunan-Roma və sərbəst güləş üzrə yarışlarda 8, qadın güləşində isə 7 çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız qələbə ənənəsini davam etdirərək olimpiadaya mümkün 18 vəsiqədən 11-ni elə ilk cəhddə qazanıblar. Dünya çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Rio-2016 Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə ediblər.
Las-Veqasda əldə olunan lisenziyanın ümumi sayına görə, Azərbaycan yalnız Rusiyadan (12 vəsiqə) geri qalıb. 3 növ üzrə dünya çempionatın yekunlarına görə güləş yığmamız Rio-2016 Olimpiadasına əldə etdiyi vəsiqələrin sayına görə ilk üçlükdə qərarlaşıb. Belə ki, çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşi üzrə yığmamız olimpiadaya 4 çəkidə vəsiqə qazanaraq Rusiya ilə ilk sıranı bölüşüb. Güləşçilərimiz 59 kq, 75 kq, 85 kq və 130 kq çəki dərəcələrində fərqləniblər. Sonrakı yerləri tutan İran və Ukrayna yığmaları isə, hərəyə 3 vəsiqə əldə edə bilib. Rio-2016 Olimpiadasına qazanılan digər 4 vəsiqə sərbəst güləşçilərimizin payına düşüb. 65 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində Olimpiadaya vəsiqə qazanan sərbəst güləş yığmamız lisenziya sayına görə, Rusiya (6) və İrandan (5) sonra üçüncü sırada qərarlaşıb. Gürcüstan və Monqolustan yığmaları da hərəyə 4 vəsiqə qazanıb. Qadın güləşçilərimiz isə, bu yarışda Olimpiya oyunlarına 6 mümkün vəsiqədən 3-nü təmin edib. 48 kq, 53 kq və 58 kq-da olimpiadaya vəsiqə əldə edən yığmamız yalnız Yaponiya (5 vəsiqə) və Çindən (4 vəsiqə) geri qalıb. İsveç qadın yığması da XXXI Olimpiya Oyunlarına 3 vəsiqə qazanıb.
12-ci lisenziya Cəbrayıldan gəldi
Güləş yığmasına olimpiadaya 12-ci lisenziyanı Cəbrayıl Həsənov qazandırıb. Aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində 6 idmançı ilə təmsil olunan komandamız vətənə 1 lisenziya və 1 medalla qayıdıb. Serbiyada keçirilən turnirdə hər çəki dərəcəsində yalnız finalçılar lisenziyaya sahib ola bilərdilər. Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov bütün yarışları qələbə ilə başa vurub.
Heyəti tamamlamaq Mircəlala nəsib oldu
Olimpiadaya I Dünya təsnifat turniri aprel ayının 22-24-də Monqolustanın Ulan Bator şəhərində keçirilib. Güləş millisinə növbəti, 13-cü lisenziyanı isə məhz bu yarışda 57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə qazandırıb. Bu, sərbəst güləşçilərimizin 6-cı Olimpiya vəsiqəsi olub və beləliklə, millimiz yarışlarda tam heyətlə çıxış etmək hüququ əldə edib.
Rəsul Çunayev bu dəfə də əsgər kimi tapşırığı ləyaqətlə yerinə yetirdi
May ayının 6-8-də Türkiyənin İstanbul şəhərində təşkil ediləcək II Dünya təsnifat turniri Rio-2016 Olimpiadasına lisenziya verəcək sonuncu təsnifat turniri olub. Güləş millisinə 14-cü lisenziyanı Rəsul Çunayev qazandırıb.
Azərbaycan yığmasını 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarus təmsilçisi Pavel Liaxla görüşüb. Rəqibindən üstün olan Rəsul polşalı David Kareçinski ilə gərgin keçən qarşılaşmadan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryana cəmi 68 saniyə ərzində məğlubiyyət acısı yaşadan pəhləvanımız finala yüksəlib və Rio-2016 Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin XXXI Yay Olimpiya Oyunlarına qazandığı 14-cü lisenziya olub.
Final görüşündə güləşçimiz Asiya çempionu Ruslan Tsarevlə (Qırğızıstan) qarşılaşıb. Görüşü 6:0 hesabı ilə başa vuran Rəsul Çunayev həm də təsnifat turnirinin qızıl medalına yiyələnib.
Beləliklə, yunan-Roma güləşində vəsiqələrin sayı 5, qadın güləşində isə 3-dür.
Xatırladaq ki, Azərbaycan güləş yığması indiyədək qədər iştirak etdiyi yay Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ü qızıl, 5-i gümüş, 5-i isə bürüncdür.
Səadət Hakıyeva