Bakı 2017-ci ildə FİG Şurasının iclasına ev sahibliyi edəcək

Bakı 2017-ci ildə FİG Şurasının iclasına ev sahibliyi edəcək



Banqkokda (Tailand) Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının iclası keçirilib.

"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas çərçivəsində AGF-nın baş katibi Fərid Qayıbov ölkəmizin növbəti FİG Şurası iclasının Bakıda keçirilməsi ilə bağlı namizədliyinin irəli sürməsi ilə əlaqədar təqdimatı toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Şuranın qərarına əsasən, gələn il FİG Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar.
İclasda, həmçinin Rio-2016 Yay Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışların təsnifat mərhələlərində azərbaycanlı gimnastların (Marina Durunda – bədii gimnastika, Oleq Stepko və Petro Paxnyuk – kişi idman gimnastikası) hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən etmək üçün püşkatma da keçirilib.

Məlumat üçün bildirək ki, Şura FİG-nin idarəetmə strukturunda əhəmiyyətinə görə konqresdən sonra ikinci orqandır və onun iclasları hər ilin mayında keçirilir.

44 üzvdən ibarət olan Şuranın vəzifələrinə FİG prezidentinin hesabatlarının nəzərdən keçirilməsi, FİG İcra Komitəsinin fəaliyyətinin təsdiq edilməsi, texniki reqlamentə dəyişiklik edilməsi, illik maliyyə hesabatının, yarışların keçirilməsinə ayrılan büdcənin təsdiq olunması daxildir.

Beləliklə, paytaxt Bakı növbəti 2017-2020-ci illəri əhatə edən Olimpiya dövrünün ilk FİG Şurasının qəbul edəcəyi mühüm qərarların şahidi olacaqdır.