Sərbəst və yunan-Roma güləşi üzrə dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
Püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio-2016 Olimpiadasına lisenziya verən II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.
A qrupunda yunan-Roma güləşi üzrə Rusiya, Belarus, Almaniya, Qazaxıstan, sərbəst güləş üzrə isə Rusiya, Gürcüstan, Türkiyə, Monqolustan milliləri mübarizə aparacaq.
Azərbaycan B qrupunda yer alıb və bu qrupda ölkəmiz yunan-Roma güləşi üzrə İran, Türkiyə, Ukrayna, sərbəst güləş üzrə isə İran, Hindistan və ABŞ komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində təşkil ediləcək.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız ilk dəfə dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurublar.