Mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya Kuboku yarışarı keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri də iştirak edəcəklər.
"Olimpnews.az” xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayacaq.
Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında 12 güləşçimiz Şiraza yollanacaq. Yarışın proqramına əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda yarışacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya Kubokunun qalibi olaraq Azərbaycanın güləş tarixində yeni səhifə yazmışdılar.