Mayın 12-14-də Milli Gimnastika Arenasında (MGA) bədii gimnastika və batut gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.
"Olimpnews.az" xəbər verir ki, yarışın ilk günü Bakı Gimnastika Məktəbinin 20 gimnastı batut və tamblinq üzrə akrobatika cığırı üzərində öz çıxışlarını nümayiş etdirib. Artıq 14-cü dəfə təşkil edilən tamblinq üzrə yarışlarda dörd yaş qrupunda qaliblər müəyyənləşib (böyüklər, gənclər, yeniyetmələr və balacalar). Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar.
İkinci gündə batutçular və bədii gimnastlar qüvvələrini sınayıblar. Ölkədə ikinci dəfə keçirilən batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport” Klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edib. Kişi batutçular 4, qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər, gənclər və kiçiklər) medallar uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə böyüklərin yarışında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan çempionu titulunu qazanıb. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Bədii gimnastika üzrə 23-cü Azərbaycan çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport” Klubu, "Spartak”, "Sərhədçi”, o cümlədən Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast böyüklər və gənclər proqramında çıxış edib. Böyüklər çoxnövçülükdə (halqa, top, gürzlər, lent), gənclər isə həmçinin ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) öz qüvvələrini nümayiş etdiriblər.
Gənclər yaş kateqoriyasında (2001-2003-cü il təvəllüdlü) dörd hərəkətlər üzrə yarışda Azərbaycan çempionu adını BGM-nin yetirməsi İlahə Məmmədova (top və gürzlərlə) və "Ocaq” İdman Klubunun təmsilçisi Zöhrə Ağamirova (ip və halqalarla) qazanıb. Çoxnövçülükdə isə fəxri kürsünün ən yüksək pilləsində dayanmaq yenə də Zöhrə Ağamirovaya nəsib olub. İlahə Məmmədoba və Dərya Farşbafşəhriyari (BGM) müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.
Böyüklər yaş kateqoriyasında bədii gimnastika üzrə yığma komandamızın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə Azərbaycan çempionu tituluna layiq görülüb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Respublika Kompleks İdman Məktəbinin yetirməsi çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu olub. görülüb. Marina Durunda 72.900 xalla yarışın gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla yarışın bürünc medalına sahib olub.