Rio-2016 Olimpiadasına pəhləvanlarımızın hazırlığı davam edir

Rio-2016 Olimpiadasına pəhləvanlarımızın hazırlığı davam edir
 


Güləş üzrə Azərbaycan yığma komandaları qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilin avqustunda Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə yığma komandalar məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirirlər.
Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq keçəcəklər. Təlim-məşq toplanışında Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də iştirak edirlər.

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və ayın 30-dək davam edəcək.
Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edirlər. Kuba yığmasının heyətində ikiqat Olimpiya, beşqat dünya və səkkizqat Panamerika çempionu Mijain Lopez (130 kq), dünya və üçqat Panamerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıblar.
Sərbəst güləşçilərimiz isə Kuba komandasının üzvləri ilə birgə təlim-məşq keçirlər.

Xatırladaq ki, pəhləvanlarımız Rio-2016 Yay Olimpiya Oyunlarında 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaqlar. Yarışlar avqustun 14-dən 21-dək keçiriləcək.