Ağdaşda ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə VIII ümumrayon spartakiadası təşkil olunub

Ağdaşda ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə VIII ümumrayon spartakiadası təşkil olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ağdaşda yeniyetmə və gənclərin VIII ümumrayon spartakiadası başlayıb. Rayon ictimaiyyətinin nümayəndələri, yarış iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsini ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.
Spartakiadanın Ağdaş Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində çıxış edənlər ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş gənclər siyasətinin əhəmiyyətindən, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən, Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından danışıbar.
Məlumat verilib ki, spartakiadada ağdaşlı gənclər idmanın futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, kross, şahmat, cüdo, qol güləşi, dama, atletika, stolüstü tennis, basketbol növləri üzrə birinciliklərdə qüvvələrini sınayırlar.
Yarışlarda Ağdaş rayonunun 43 inzibati ərazi vahidliklərindən 2000-dən artıq məktəbli oğlan və qız iştirak edir.
Birinciliklər Ağdaş Olimpiya İdman Kompleksində, Heydər Əliyev parkında, şəhər stadionunda, müxtəlif idman klubları və cəmiyyətlərində, eləcə də orta məktəblərin idman zallarında keçirilir.
Qeyd edək ki, spartakiada mayın 3-dək davam edəcək. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.