Ramiz Yusifov - 80

Ramiz Yusifov - 80

Ramiz Yusifov 1936-cı ildə Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində ali təhsil alıb.

Olimpnews.az saytının məlumatına görə, 1952-ci ildən başlayaraq "Spartak” İdman Cəmiyyətində Əməkdar məşqçi Abbas Ağalarovun rəhbərliyi altında boksla məşğul olub. Dəfələrlə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatlarında, eləcə də ümumittifaq və beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıb. 1958-ci ildə SSRİ idman ustası, 1966-cı ildə isə beynəlxalq dərəcəli hakim adına layiq görülüb. İdman karyerasını başa çatdırdıqdan sonra elmlə məşğul olan Ramiz Yusifov 90-dan artıq elmi əsər və məqalələr yazıb. O, müxtəlif illərdə BDU-da və AMEA-da elmi işçi kimi çalışıb, sonralar təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu olub.

Təcrübəli mütəxəssis Özbəkistanda və İranda zəlzələlərin araşdırılması və aradan qaldırılması işlərində iştirak edib. Elmlər namizədi, dosent olan Ramiz Yusifov uzun illər Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti vəzifəsini daşıyıb. Hazırda ABF-nin İcraiyyə Komitəsinin və Milli Olimpiya Komitəsinin üzvüdür. Ramiz Yusifovu anadan olmasının 80 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı arzulayırıq.