Güləşçilərimiz Olimpiadaya hazırlıqlarını Göygöldə davam etdirirlər

Güləşçilərimiz Olimpiadaya hazırlıqlarını Göygöldə davam etdirirlər

Güləş üzrə Azərbaycan yığma komandaları qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Olimpnews.az saytının məlumatına görə, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda məşqləri Göygöl Olimpiya İdman Kompleksində həyata keçirir.

Bu gün Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləş üzrə yığma komandamızın Göygöl Olimpiya İdman Kompleksində mətbuat üçün açıq məşqi təşkil olunub.

Sərbəst güləşçilərimiz hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirirlər. Kuba sərbəst güləş yığmasının heyətində dünya və Panamerika çempionatlarının qalibləri və mükafatçıları yer alıblar.

Sonra Azərbaycan və Kuba güləşçilərinin yoldaşlıq görüşü keçiriləcək.

Sərbəst güləş komandamızın təlim-məşq toplanışı mayın 15-dən başlayıb və 30-dək davam edəcək.

Qeyd edək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-21-də keçiriləcək.