Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Olimpnews.az saytının məlumatına görə, Dünya Güləş Birliyinin (DGB) mövcud qaydalarına əsasən təşkil edilən yarışlarda 1999-2000-ci il təvəllüdlü idmançılar qüvvələrini sınayıblar. Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gələn güləşçilər arasından ən güclüləri məhz bu yarışda müəyyən edilib.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 6 şəki dərəcəsi üzrə 142 yeniyetmə pəhləvan yarışıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Azər Muxtarlı (42 kq), Rəvan Rəcəbov (46 kq), Zaur Nuriyev (50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq) və Elnur Əsədov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 4 çəki, sərbəst güləş üzrə isə 3 çəki dərəcəsində 148 yeniyetmə güləşçi döşək üzərinə çıxıb. Həmin gün Ülvi Qənizadə (69 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləş yarışlarında isə Mahir Məmmədzadə (42 kq), Əsgər Məmmədəliyev (46 kq) və İntiqam Vəlizadə (50 kq) qızıl medala sahib olublar.
Son yarış günündə sərbəst güləş üzrə 7 çəki dərəcəsində 189 yeniyetmə pəhləvan yarışıb. Sabutay Əmişov (54 kq), Psardiya Daur (58 kq), Qadjimurad Qadjiyev (63 kq), Abubakar Abakarov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq) və Asxab Həmzətov (100 kq) birinciliyin qalibi adını qazanıblar.
Hər çəki dərəcəsində mükafatalayiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunblar.