Kürdəmirdə bədii gimnastika üzrə 28 May - Respublika Gününə və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş festival təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, Kürdəmir Olimpiya Kompleksində keçirilən tədbirdə 70-dək gimnast iştirak edib.
Tədbirdə Kürdəmir gimnastları ilə yanaşı, paytaxt təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. Festivalın təşkilində məqsəd region idmançıları arasında bu idman növünə həvəsi artırmaq, perspektivli və istedadlı gimnastları üzə çıxarmaq idi. Festivalın açılış mərasimində Kürdəmir Olimpiya Kompleksinin direktoru Namiq Tarverdiyev, Kürdəmir rayon gimnastika bölməsinin məşqçisi, beynəlxalq dərəcəli hakim Alfiya Mantova iştirak edirdilər. Tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Respublikamızda digər idman növləri ilə yanaşı, gimnastikanın yüksək səviyyədə inkişaf etdiyi qeyd olundu.
Bildirildi ki, paytaxtla yanaşı, regionlarda da bu növün inkişafına diqqət yetirilir. Bədii gimnastikanın Kürdəmirdə sevilən və populyar idman növlərindən olduğunu diqqətə çatdırldı. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olundu. Festivalda gimnastlar maraqlı və rəngarəng nümayiş proqramı ilə çıxış etdilər. Əvvəlcə Kürdəmir gimnastı Aygül Babaşova «Sarı gəlin» musiqisinin sədaları altında xalça üzərində açılış rəqsi nümayiş etdirdi. Sonra digər gimnastlar fərdi növlərdə ip, halqa, gürz və topla, eləcə də qrup komandasının tərkibində nümunəvi proqramla çıxışlar etdilər. Bəddi proqramın ikinci hissəsində bütün gimnastların iştirakı ilə flashmob keçirilib.