İyulun 22-24-də Bakıda bədii gimnastika üzrə FİG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı keçiriləcək. Ölkəmizin sakinləri Rio-2016 Yay Olimpiya Oyunlarından iki həftə əvvəl dünyanın 22 ölkəsini təmsil edəcək məşhur gimnastların çıxışlarını izləmək üçün imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Xatırladaq ki, bu il dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında əvvəlki mərhələlərdə əldə edilən 4 ən yaxşı nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.
Azərbaycan idmançılarına gəldikdə isə yarışlarda I Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva da iştirak edəcək. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep ölkəmizi qrup hərəkətləri yarışlarında təmsil edəcəklər.
Bədii gimnastika həvəskarlarını milli komandanın baş məşqçisi Mariana Vasilevanın ssenarisi əsasında hazırlanan möhtəşəm açılış mərasimi və ənənəvi qala-konsert gözləyir.