Güləşçilərimiz Rio-2016 Olimpiadasına hazırlığı davam etdirirlər

Güləşçilərimiz Rio-2016 Olimpiadasına hazırlığı davam etdirirlər



Ölkəmizin Rio-2016 Yay Olimpiya Oyunlarında əsas medal ümidi olan güləşçilərimiz dördilliyin mötəbər yarışına hazırlıqları davam etdirirlər. Hazırlıq çərçivəsində sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Göygöl Olimpiya İdman Kompleksində üç həftə Kuba yığması ilə birlikdə təlim-məşq toplanışında olublar. Sərbəst güləş yığmasının heyətində Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Şərif Şərifov kimi məşhur pəhləvanlar yer alıb. Sərbəst güləşçilər Saypulla Apsaidov və Firdosvi Umudovun, yunan-Roma güləşçıləri isə Cəmşid Xeyrəbadinin rəhbərliyi altında məşq keçiblər. Hazırlıq mərhələsinin son günündə yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.

Yığma komandaların baş məşqçiləri Saypulla Absaidov və Cəmşid Xeyrabadi hazırlıqla bağlı KİV nümayəndələrinin suallarını cavablandırıb. Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi məşqlərin yüksək səviyyədə təşkil edildiyini və federasiya rəhbərliyi tərəfindən idmançıların məşq emələri üçün lazımi şəraitin yaradıldığını bildirib. "İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal şansı böyükdür. İnşallah, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz yeni tarix yazacaqlar".

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə təlimlərin keçirilməsinin Olimpiya Oyunlarına hazırlıq prosesində böyük əhəmiyyətindən danışıb. "Kuba güləş məktəbi çox fərqlidir və bu təlim-məşq toplanışı bizim üçün çox faydalı oldu. Olimpiya Oyunlarına az vaxt qalır. Hazırda güləşçilərimiz intensiv hazırlıq mərhələsindədirlər. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. London-2012-də 2 qızıl medal qazanmışdıq. Bu hər bir komandanın arzuladığı nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".


London-2012 Olimpiadasının çempionu Toğrul Əsgərovun məqsədi ikiqat Olimpiya çempionu tituluna yiyələnməkdir. "4 il bundan əvvəl Londonda heç kimin ağlına gəlməzdi ki, finalda 4 qat dünya çempionuna qalib gələm. Hər şey mümkündür. İdmandır, hər şey ola bilər. Bəzən böyük yarış ərəfəsində alınan bir zədə qarşıya qoyulan hədəfi puç edir. Olimpiya Oyunları sensasiyaları sevir. Məqsədim Azərbaycan tarixində ilk dəfə ikiqat Olimpiya çempionu titulunu qazanmaqdır".

Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya (2011) və Avropa çempionu (2007, 2008) Rövşən Bayramov iştirak edəcəyi üçüncü olimpiadada hədəfinin yalnız qızıl medal olduğunu bildirib: "Olimpiya Oyunlarında iki dəfə gümüş mükafat qazanmışam. Təbii ki, hazırda əsas məqsədim Olimpiya çempionu olmaqdır. Düzdür, indi vəziyyət əvvəlkindən daha çətindir. Çünki iki çəkini - 55 və 60 kq-ı birləşdiriblər və qeyd olunan çəkilərdə çıxış edənlər Rio-2016-da 59 kq-da qüvvələrini sınayacaqlar. Bu da hər hər iki çəki üzrə iddialı güləşçilərin rəqabəti deməkdir”.

Rövşən Bayramov ABŞ-ın Las Veqas şəhərində keçirilən son dünya çempionatında məğlub olduğu rəqibi Kuba güləşçisi İsmael Borrero ilə birgə təlim-məşq prosesinin əhəmiyyətindən danışıb. O rəqibinin zəif cəhətlərini öyrəndiyini və olimpiadada qarşılaşacağı təqdirdə ona qalib gələcəyinə əminliyini bildirib.

Daha bir medal ümidimiz olan və I Avropa Oyunlarının qalibi Rəsul Çunayev olimpiadadakı rəqiblərinin kifayət qədər ciddi olduğunu deyib. 66 kq çəki dərəcəsində xeyli sayda dünya və Avropa çempionlarının olduğunu bildirən idmançımız Rio-2016-da mübarizənin gərgin olacağını vurğulayıb: "Çəkimdə 5-6 dünya çempionu var. Serbiya, Almaniya, Cənubi Koreya, Iran, Rusiya və dəfələrlə məğlub olduğum Macarıstan təmsilçiləri çox güclü rəqiblərdir. Onların hər biri üzərində məşqçilərlə birlikdə ayrılıqda analiz aparırıq. Mənim məqsədim yalnız Olimpiya çempionu olmaqdır”.

Son dünya çempionatında beşinci olmaqla olimpiadaya lisenziya qazanan, Çunayevlə birlikdə yunan-Roma güləşi üzrə yığmanın heyətində I Avropa Oyunlarının qızıl medalını qazanan Elvin Mürsəliyev də öz gücünə çox inanır: "Komanda olaraq çox yaxşı məşq keçdik. Gərgin məşqlərin olimpiadada bəhrəsini verəcəyinə inanıram. Mənim də məqsədim digər idmançılar kimi, medal qazanmaqdır və öz gücümə inanıram".

Son iki olimpiadanın bürünc mükafatçısı Xetaq Qazyumov, nəhayət, "bürünc"ü "qızıl"a çevirmək istəyir: "Hazırlığımız yüksək səviyyədə keçdi. Kubalı həmkarlarımızla birgə təlim-məşq toplanışı işin xeyrinə oldu. Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında bürünc medal qazanmışam, I Avropa Oyunlarının qalibiyəm. Hazırda karyeramın qurub çağını yaşayıram. Yenə fərqlənmək istəyirəm. Bu yaşadək məni idmanda saxlayan da budur. Rio-2016-da bütün rəqiblərimə hörmətlə yanaşıram. Olimpadaya vəsiqə qazanıblarsa, demək, güclüdürlər. Karyeramda son hədəfim olimpiadanın bürünc medalını qızıla çevirməkdir".

İkiqat dünya çempionu Hacı Əliyev isə olimpiadada iştirak edəcəyi təqdirdə uğurlu çıxış edəcəyinə inanır: "Məşqlər yüksək səviyyədədir. Hazırda özümü yaxşı formada hiss edirəm. Olimpiadadakı rəqiblərimə gəlikdə, Gürcüstan və iranlı həmkarlarım güclüdürlər. Amma bu, əsas vermir ki, onlardan çəkinəm. Çox güman, Rio-de-Janeyroya yollanacaq heyət gələn ay bilinəcək. Məşqçilər korpusu şans verərsə, ölkəmizi Braziliyada da uğurla təmsil etməyə çalışacağam".