ABŞ-da sərbəst güləş üzrə dünya kuboku keçiriləcək

ABŞ-da sərbəst güləş üzrə dünya kuboku keçiriləcək

Iyunun 11-12-də ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında dünya Kuboku keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri də qüvvələrini sınayacaqlar.

Püşkatmaya görə, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları yarışacaq.
Yarışda yığma komandanın məşqçisi Sadruddin Ayqubovun rəhbərliyi altında 10 güləşçimiz iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov (57 kq), Cahid Həsənzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Səid Həmidov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, iyunun 11-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz 3-cü yeri tutumuşdular.