Pankration, grappling və mma növləri üzrə reyting döyüşləri keçirildi

Pankration, grappling və mma növləri üzrə reyting döyüşləri keçirildi


"Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş pankration, grappling və mma növləri üzrə İran və Azərbaycan yığma komandaları arasında reyting döyüşləri keçirildi. Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Pankration,Grappling və MMA Federasiyasının prezidenti Azad Əsgərov idmançıları salamlayaraq onlara uğurlar arzuladılar. Daha sonra yarışlara start verildi. BŞGİBİ, Pankration, Grappling və MMA Federasiyası, və "Yaguar” energetik içkiləri şirkətinin təşkilatı dəstəyi ilə təşkil olunan yarışda Azərbaycan komandası 10:1 hesabı ilə İran komandasına qalib gəldi.



Yarışdan sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov turnirlə bağlı fikirlərini bildirdi:
- Yarışın keçirilməsində əsas məqsədimiz ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin geniş qeyd olunması, pankration, grappling və mma idman növlərinin təbliği, gənclərdə fiziki sağlamlıq, möhkəm iradə və döyüşkən ruh tərbiyə edilməsindən ibarət idi. Bu idman növü ölkəmizdə çox sevilir. Gənclərimiz sevə-sevə pankration, grappling və mma idman növləri ilə məşğul olurlar. Turnirin təşkil olunmasının digər məqsədi isə bu növ üzrə yığma komandamızın Avropa və dünya çempionatlarına, beynəlxalq turnirlərə mütəşəkkil hazırlanmasına nail olmaq idi.


Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən XXV spartakiadanın proqramına daxil olan basketbol (qızlar arasında) növü üzrə yarış sona çatıb. Nəsimi rayonu ərazisində yerləşən 164 nömrəli tam orta məktəbin zalında təşkil edilən və 1998-99-cu il təvəllüdlü qızların mübarizə apardığı yarışda Nərimanov rayon komandası I yeri tutub. Xətai rayon komandası II, Yasamal rayon komandası isə III olub.
XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında) və basketbol (qızlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 20 xalla I yerdədir. Səbail rayonu («25 xal) II, Xətai rayonu (29 xal) III pillədə qərarlaşıb.

*   *   *

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Qaradağ rayon Gənlər və İdman İdarəsinin (QRGİİ) təşkilatçılığı ilə ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Mən Heydər Əliyev irsini öyrənirəm” adlı bilik olimpiadası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan yarışda yuxarı sinif şagirdləri test üsulu ilə biliklərini sınayıblar. Tədbirdə  BŞGİBİ-in rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, QRGİİ-nin rəisi Elçin Abbasov, həmçinin münsiflər heyətinin sədri İlqar Qasımov iştirak edib.
Olimpiadanın nəticəsilərinə görə Korgöz qəsəbəsi 197 saylı məktəbin şagirdi Cəlil Abbaslı I yerə layiq görülüb.
Lökbatan qəsəbəsi 139 saylı məktəbin şagirdi Ayxan Məmmədli II yerə çıxıb. Müşviqabad qəsəbəsi 274 saylı məktəbin şagirdi Kərim Xancanov isə III olub.
Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

*  *   *

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Modern Hoteldə gənclər arasında "Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. İntellektual oyunda 20 komanda iştirak edib və 60 sual cavablandırılıb. Oyunun qaydalarına əsasən suallara ən çox cavab verən komanda qalıb sayılıb.Yekun nəticələrə görə "Diplomat” komandası I yerə yüksəlib. "Vendetta” II, "Merkuri” isə III olub. Qaliblər BŞGİBİ tərəfindən diplomlar və kuboklar ilə mükafatlandırılıblar.


*   *   *

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə məhkumlar arasında şahmat üzrə turnir keçirilib. Turnirdə 7 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik - leytenantı Vüqar Bağırov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Yaşar Şəkiyev və BŞGİBİ-in baş məsləhətçisi Salman Əbdülov iştirak ediblər. Yarışın qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.