İyunun 14-15-də Gürcüstanın Batumi şəhərində dünya çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya komandalarının mübarizə apardığı yarışda güləşçilərimiz 2 gümüş və 7 bürünc medal qazanıblar.
Turnirdə böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında yığma komandanın 10 üzvü mübarizə aparıb. Yalnız final görüşündə uduzan Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) turnirin gümüş medalına yiyələnib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) qazandırıb.
Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan yığmasından sonra ikinci yeri tutub.