Marina Durunda Avropa çempionatını 7-ci yerdə başa vurub

Marina Durunda Avropa çempionatını 7-ci yerdə başa vurub



İyunun 17-19-da İsrailin Holon şəhərində bədii gimnastika üzrə 32-ci Avropa çempionatı keçirilib. Azərbaycan idmançıları 37 ölkədən gimnastların iştirak etdikləri bu çempionatda qüvvələrini sınayıblar.

"Olimpnews.az” xəbər verir ki, ilk gün yuniorlar arasında çıxış edən Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq, ip və halqa ilə kompozisiyalarda həlledici mərhələyə vəsiqə qazanıblar.
Qrup hərəkətləri üzrə komandamız isə lentlə kompozisiyada uğurla çıxış edərək iyunun 19-da keçirilən final mərhələsində iştirak hüququ qazanıb. Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyalar üzrə çıxışı zamanı texniki problemlər səbəbindən musiqi yarımçıq kəsilib.

Azərbaycan yığmasının lider idmançısı Marina Durunda Avropa çempionatında çoxnövçülük üzrə 7-ci yeri tutub. O, dörd hərəkətin cəmində hakimlərdən 72.116 bal alıb. Yarışların qızıl medalı isə Rusiya təmsilçisi Yana Kudryavtsevaya nəsib olub.

Qrup hərəkətləri üzrə komandamız isə Avropa çempionatını 8-ci yerdə başa vurub. Siana Vasileva, Liana Doman, Elif Zeyneb Çelep, Ayşən Bayramova və Aleksandra Platonovadan ibarət qrup komandamız hakimlərdən 17.333 bal alıb.
Yuniyorlar arasında finalda Veronuka Qudis lentlə, İlahə Məmmədova isə halqalarda 8-ci olub.