Güləşçilərimiz Avropa çempionatına uğurla başlayıblar

Güləşçilərimiz Avropa çempionatına uğurla başlayıblar



Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatına start verilib.

«Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, çempionatın ilk günündə 50 kq, 60 kq, 74 kqvə 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Azər Nəsibli (50 kq) mübarizəyə 1/4 final mərhələsindən başlayıb. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin son görüşdə rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Azər Nəsibli çempionatın gümüş medalına sahib olub. 60 kq çəkidə mübarizə aparan
Mikayıl Rəhmanov (60 kq) ilk görüşə Almaniya təmsilçisi ilə çıxıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinalda Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız gürcüstanlı güləşçiyə vaxtından əvvəl qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.