ADBTİA binasının əsaslı təmirdən sonra açılışı olub

ADBTİA binasının əsaslı təmirdən sonra açılışı olub

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) binasının əsaslı təmirdən sonra açılışı olub. Olimpnews.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Akademiyanın rektoru Fuad Hacıyev və tədris müəssisəsinin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini anıblar. Sonra iştirakçılar binada yaradılmış şərait, habelə Akademiyada aparılmış islahatlarla tanış olublar.

Məlumat verilib ki, Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidən qurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və müvafiq kafedraların yaradılması nəzərdə tutulub. Bütün bunlar Gənclər və İdman, Təhsil nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Tədris prosesinin daha səmərəli təşkili üçün maddi-texniki bazanın gücləndirilməsi sahəsində genişmiqyaslı iş görülüb. Təmir və yenidənqurma işləri ümumilikdə üç min kvadratmetrdən çox sahəni əhatə edib. Təhsil ocağında elektron kitabxana və kitab fondu, inzibati otaqlar, kafedralar, tələbə mərkəzi, müasir kafe, tədris auditoriyaları və s. yenidən qurulub. Binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində təmir və yenidənqurma işləri artıq başa çatıb.

Akademiyanın binasında tədris üçün hər cür şərait yaradılıb, kommunikasiya xətləri, inventar yenilənib. Gənclər və İdman Nazirliyi tərəfindən təhsil ocağına 160 kompyuter hədiyyə edilib. Auditoriyalarda 8 proyektor, o cümlədən təqdimatların edilməsi üçün lazımi avadanlıq, interaktiv tədrisin təşkili üçün 18 monitor qoyulub.

Binaya əsas giriş və foye müasir dizaynda işlənib, fasad yeni mərmərlə üzlənib. Foyedə dünyanın ən müasir işıq və səs sistemlərindən istifadə edilib. Akademiyanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub, şəhid idmançıların fotoşəkillərindən ibarət xatirə stendi yaradılıb.

Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin adını daşıyan interaktiv muzey, tam funksional müasir elektron kitabxana, yeni oxu zalları, tələbə mərkəzi, görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilib. Burada, həmçinin müasir dizaynı və funksionallığı ilə seçilən konfrans zalı yaradılıb. Konfrans zalında elmi şuranın iclasları, konfrans və görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədric ocağının tibb məntəqəsi də təmir edilib və müvafiq avadanlıqla tam təmin olunub. Tələbə yeməkxanasında hər cür şərait yaradılıb.