Gənclər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub

Gənclər arasında güləş üzrə Avropa çempionatına yekun vurulub



Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub.
"Olimpnews.az” xəbər verir ki, Azərbaycan güləş yığması qitə yarışını ümumilikdə 12 medalla başa burub. Yunan-Roma üzrə yığma komandamızın üzvləri Avropa çempionatında 5 (3 qızıl, 1 gümüş və 1 bürünc), sərbəst güləşçilərimiz 6 (2 qızıl və 4 bürünc), qadın güləşçilərimiz isə 1 gümüş medal qazanıblar.

Yunan-Roma güləşçilərimizdən Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qızıl medala sahib olublar. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə yunan-Roma üzrə yığmamız 48 xal toplayaraq çempionatı komanda hesabında üçüncü pillədə başa vurub. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci olub.

Xatırladaq ki, yunan-roma güləşçilərimiz ötən il də Avropa çempionatını 5 medalla (3 qızıl, 1 gümüş və 1 bürünc) tamamlamışdılar.
Gənc qızların mübarizəsində isə Elis Manolova (67 kq) gümüş medala sahib olub.
Avropa çempionatının son iki günündə mübarizə aparan sərbəst güləş üzrə yığma komandamızın üzvləri 6 medala (2 qızıl və 4 bürünc) sahib olublar. Qızıl medalları komandamıza Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) isə bürünc medal əldə ediblər.

Bu nəticə ilə sərbəst güləş yığmamız çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. 78 xal toplayan Rusiya birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb. Xatırladaq ki, ötən ilki analoji yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdılar.