Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində davam etdirirlər.
"Olimpnews.az” xəbər verir ki, iyunun 20-dən növbəti təlim-məşq toplanışına qoşulan yunan-Roma güləşi yığmamız ABŞ və Mərakeş güləşçiləri ilə birlikdə Göygölə səfər edib. Yunan-Roma güləşçilərimizlə birgə təlim-məşq toplanışında ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü də iştirak edir. Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək və sonra güləşçilərimizi daha bir sınaq turniri gözləyir.
Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Güləşçilərimiz avqustun 14-21-də yarışacaqlar.