Dağıstan Respublikasının Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
"Olimpnews.az" xəbər verir ki, turnirdə iştirak edən yığma komandanın üzvləri 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medala sahib olublar.
65 kq çəki dərəcəsi üzrə final görüşündə yığma komandamızın iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşı-qarşıya gəlib. Məhəmməd Müslümov bu qarşılaşmadan qızıl, Teymur Məmmədov isə gümüş medalla ayrılıb. Bürünc medalı isə yığmamıza Əli İsayev (125 kq) qazandırıb. Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib.