Almanlardan “El Classico”ya ağır zərbə

Almanlardan “El Classico”ya ağır zərbə




"Toreodorlar”ı yalnız möcüzə xilas edə bilər

Aparelin 23-24-də UEFA Çempionlar Liqasında (ÇL) 1/2 final mərhələsinin ilk oyunları keçirilib. Münhen və Dortmunda təşkil edilən matçlarda Almaniya və İspaniya təmsilçiləri münasibətlərinə aydınlıq gətiriblər. Maraqlı məqamdır ki, bir cütdə hazırda ölkə birinciliklərində 1-ci yerdə gedənlər, yəni "Bavariya” ilə "Barselona” üzləşirsə, digərində onların ən yaxın izləyiciləri olan son çempionlar - "Borussiya” (Dormund) ilə "Real” qarşılaşıb. Hər iki qarşılaşmada almanlar rəqiblərinə aman verməyərək, onların qapısından 4 top keçiriblər.

UEFA Çempionlar Liqası

1/2 final mərhələsi, ilk oyunlar
23 aprel
"Bavariya” (Almaniya) - "Barselona” (İspaniya) - 4:0 (1:0)
Qollar: Müller, 25; 82, Qomes, 49, Robben, 73.




"Bavariya” klubu "Alyans Arena”da İspaniyanın "Barselona” komandasını qəbul edib. Maraqlı mübarizə şəraitində keçən matçda azarkeşlər 4 qolun şahidi olublar.
"Pivəçilər” ardıcıl 2-ci il finala çıxmaq üçün turniri qazanmağa əsas namizədlərdən olan "Barselona”nı keçməli idi. Rəqibindən fərqli, artıq çempionluğunu rəsmiləşdirən münhenlilər cari mövsümdə güclü təsir bağışladığından, ispanlara heç də asan olmayacaqdı. Üstəlik, "Barselona” bundan əvvəlki 2 mərhələdə səfərdə qalib gələ bilməyərək, mərhələ keçmək vəzifəsini evdə yerinə yetirmişdi. Zədəsi olduğuna görə son oyunlarda istirahət verilən komandanın argentinalı hücumçusu Lionel Messinin qayıdışı isə böyük maraqla gözlənilirdi.
Maraqlı məqamdır ki, "Bavariya” ardıcıl 2-ci mövsüm ÇL-in yarımfinalında İspaniya təmsilçisi ilə üz-üzə gəlirdi. Ötən il münhenlilər "Real”ı mübarizədən kənarlaşdırmışdılar. Qeyd edək ki, "pivəçilər” İspaniya klublarına qarşı 20 ev matçında yalnız 1 dəfə uduzmuşdu. Bu səbəbdən, çoxları meydan sahiblərini favorit sayırdılar. Lakin iş təkcə statistikada deyildi. Bir neçə tur əvvəl Almaniya çempionu adını qazanmış komanda hazırda çox inamlı təsir bağışlayır. Hətta erkən çempionluqdan sonra da "Bavariya” Bundesliqada rəqiblərinə aman vermirdi. Son 4 turda almanlar rəqib qapılarına 20 qol vurmuşdular. Komandada cəmi 2 itki var idi: Mario Mancukiç cəza, Tuni Kroos isə zədə səbəbindən oynamırdı. Əvəzində, "Barselona”da Karles Puyol, Xavyer Maskerano və Lionel Messi zədəli idi. Düzdür, Messi Münhenə getmişdi. Argentinalı yoxluğunda kataloniyalılar çətinliklə qələbə qazanırdılar. Amma budəfəki oyunda da Messi, demək olar ki, meydanda "görünməyib”. İspanlar pley-offda yenə ilk matçını səfərdə keçiriblər. Onlar bunadək İtaliyada "Milan”a 0:2 hesabı ilə uduzan, Fransada PSJ ilə 2:2 hesablı heç-heçə etmişdilər.
Oyuna gəldikdə isə, almanlar ilk sınaqdan üzüağ çıxıblar. Belə ki, münhenlilər "Barselona”nın qapısından 4 cavabsız top keçirərək "Nou Kamp” stadionuna böyük üstünlüklə yollanıblar. Kataloniya təmsilçisinin biabırçı hesabla məğlub olmasında isə Tomas Müllerin, Mario Qomesin və Aryen Robbenin əməyi daha çox olub. Görüşün 25-ci dəqiqəsində Müller Almaniya təmsilçisinin ilk qolunu vurub. Tomas oyunun 82-ci dəqiqəsində qonaqları daha bir dəfə cəzalandırıb. Digər topları isə Mario Qomes ilə Aryen Robben rəqibin qapısından keçiriblər.
Qeyd edək ki, "Bavariya” bu mövsüm ÇL-də 11 matçın 8-də hesabı açan tərəf olub. Əvvəl keçirilən 7 görüşdə isə Münhen klubu rəqibi üzərində qalib gəlmişdi - 20:4. Almaniya təmsilçisinin bu seriyası ötənilki "Çelsi” ilə ötənilki final matçından sonra başlayıb. Həmin qarşılaşmanın 83-cü dəqiqəsində hesabı Tomas Müller açmışdı. Lakin "Bavariya” penaltilər seriyasında ingilislərə 4:3 hesabı ilə uduzmuşdu.
Beləliklə, doğma azarkeşlər önündə 4:0 hesabı ilə qələbə qazanan almanlar səfərə böyük üstünlüklə yollanırlar. "Pivəçilər”in bu üstünlüyü Barselonada əldən verəcəyi inandırıcı deyil.

24 aprel
"Borussiya” (Dortmund, Almaniya) - "Real” (İspaniya) - 4:1 (1:1)
Qollar: Levandovski, 8; 50; 55; 67 - Ronaldu, 43.



Almaniyanın Dortmund şəhərində "Borussiya” ilə İspaniyanın "Real” komandaları üz-üzə gəliblər. Bu oyun da məhsuldarlığı ilə diqqət çəkib.
"Borussiya” ötən mövsümün yarımfinalçıları arasında olmayan yeganə komanda idi. Dortmundlular "Real”la bir qrupa düşdüyündən, onu yaxşı tanıyırdı. Həmin qrupdan qalib kimi çıxan "Borussiya” madridlilər üzərində evdə qələbə qazanaraq, səfərdə son anda buraxdığı qolla heç-heçə etmişdi. Almanlar evdə güclü azarkeş dəstəyi altında inamlı təsir bağışladığını, 1/4 finalın "Malaqa” ilə cavab matçının əsas vaxtına edilən əlavə dəqiqəsində lazım olan 2 qolu vurub 3:2 hesablı qələbə qazanmaqla göstərmişdi. Ardıcıl 2-ci dəfə "İspaniya səddi”ni keçməli olan dortmundluların bu dəfə işi daha çətin olduğundan, Madridə üstün durumda yollanmalı idilər.
Maraqlı məqamdır ki, "Borussiya” sonuncu dəfə 15 il əvvəl ÇL-in yarımfinalında çıxış etmişdi. Həmin vaxt turnirin qalibi titulundan bu komandanı məhz "kral klubu” məhrum etmişdi. Lakin "Real” da son 2 mövsümdə yarımfinalda mübarizəni dayandırmışdı. Hər şeyə baxmayaraq, "Real”ın ciddi kadr problemləri var idi. Bu səbəbdən, "kral klubu” səfər matçında favorit göstərilmirdi. "Betis”lə İspaniya çempionatındakı son oyunu Mikael Essyen və Fabio Koentrao zədə səbəbindən buraxmalı olmuşdu. Görüşün gedişində Luka Modriç və Marselo da zədələnmişdi. İlk yarımfinal matçını Alvaro Arbeloanın buraxacağı dəqiq idi. "Borussiya”da isə demək olar ki, itki yox idi. Sebastyan Kel və Sven Bender Almaniya çempionatında "Maynts”la ötən matçı buraxmışdılar. Lakin onların "Real”a qarşı oynamalarında problem olmayacaqdı. Komandanın əsas "snayperi” Robert Levandovski də görüşə tam hazır idi.
Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib. Özü də maraqlıdır ki, "Bavariya” kimi, "Borussiya” da "İspaniya nəhəngi”nə 4 qol vurmağa müvəffəq olub. Sadəcə, "Real”ın, "Barselona”dan fərqli olaraq 1 qol vurmağı onun şansını saxlayır. Yəni kataloniyalılara cavab matçında oyunu əlavə vaxta keçirmək üçün 4:0 hesablı qələbə qazanmaq lazımdırsa, "Real” rəqibini 3:0 hesabı ilə məğlub etməklə mərhələ adlamış olacaq.
"Borussiya” - "Real” oyununu 1 futbolçunun şousu adlandırmaq olar. Belə ki, Dortmund klubunun polşalı hücumçusu Robert Levandovski poker edərək, matçın qəhrəmanı olub. Bununla da o, "Uembli” stadionunda Almaniya finalının olacağına böyük şans yaradıb. "Bavariya” ardıcıl 2-ci finala çıxacaqsa, "Borussiya” sonuncu dəfə 1997-ci ildə turnirin qalibi olandan sonra bu qədər irəliləməyib.
Məlumat üçün bildirək ki, "Real”ın qapısından 4 top keçirən Robert Levandovski yeni rekorda imza atıb. Bu mərhələdə hələ heç bir futbolçu poker etməmişdi. Yarımfinal görüşlərində yalnız 2 het-trik qeydə alınıb. Belə ki, 1997-1998-ci illər mövsümündə sözügedən mərhələnin ilk matçında "Yuventus”un futbolçusu Alessandro Del Pyero doğma azarkeşlər önündə "Monako”nun qapısından 3 top keçirib. 4:1 hesabı ilə başa çatan oyunda İtaliya milli komandasının sabiq oyunçusu bu qolların 2-ni penaltidən vurub.
Digər het-trikin sahibi isə İvitsa Oliçdir. Xorvatiyalı hücumçu 2009-2010-cu illər mövsümündə "Bavariya”nın heyətində fərqlənib. Yarımfinal mərhələsinin "Lion”la səfərdə keçirilən cavab matçında Oliç münhenlilərin 3:0 hesablı qələbə qazanmasında əsl qəhrəman olub.
Qeyd edək ki, Levandovski ÇL-də "Real”ın qapısına 4 top vuran yeganə futbolçu olaraq tarixə düşüb.