İyulun 19-da İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Yarışda ölkəmizi sərbəst, yunan-Roma və qadın güləşi üzrə idmançılarımız təmsil edəcəklər.
Builki Avropa çempionatında əvvəlkilərdən fərqli olaraq hər bir ölkə hər çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.
Proqrama əsasən, iyulun 19-20-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyevin rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda 18 sərbəst güləşçimiz mübarizə aparacaq. İyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 7 xanım güləşçimiz çempion adı uğrunda yarışacaq.
İyulun 23-24-də yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə 14 güləşçi daxil edib. Qeyd edək ki, 100 kq-da mübarizə aparan Əli Əminzadə Stokholmda həm sərbəst, həm də yunan-Roma güləşi yarışlarında mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Yeniyetmə güləşçilər arasında Avropa çempionatına iyulun 24-də yekun vurulacaq.