İyulun 19-da İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Yarışda ölkəmizi sərbəst, yunan-Roma və qadın güləşi üzrə idmançılarımız təmsil edirlər.
Builki Avropa çempionatında əvvəlkilərdən fərqli olaraq hər bir ölkə hər çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.
"Olimpnews.az” xəbər verir ki, ilk yarış günündə 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyən ediləcək.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyevin rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda 18 sərbəst güləşçimiz mübarizə aparır. Heyətdə Mahir Məmmədzadə, Maqomedsalix Abakarov (hər ikisi 42 kq), Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə, Vüsal Hüseynov (hər ikisi 50 kq), Sabutay Əmişov, Maqomedqadji Kasumov (hər ikisi 54 kq), Daur Psardiya, Murad Məmmədov (hər ikisi 58 kq), Qadjimurad Qadjiyev, Djopua İnal (hər ikisi 63 kq), Abakar Abakarov, Abdulmuslim Məmmədov (hər ikisi 69 kq), Rəşad Yusifli, İslam Əliyev (hər ikisi 76 kq), Əhliman Quliyev (85 kq), Asxab Həmzətov və Əli Əminzadə (hər ikisi 100 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.
Yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyulun 24-də başa çatacaq.